Dünyanın ən yaxşı mədəni irs məkanları arasında Türkiyə detalı

“Sözcü” dünyanın ən yaxşı 50 mədəni irs məkanı ilə bağlı siyahıda Türkiyə detalına diqqət çəkib. İstanbul, Efes və Kapadokya-Göreme kimi istiqamətlər mədəni turizm baxımından önə çıxır.

8

Türkiyənin tarixi və mədəni irs məkanları beynəlxalq turizm gündəmində yenidən diqqət mərkəzinə düşüb.

MSNews.az xəbər verir ki, “Sözcü” “Dünyanın ən yaxşı 50 mədəni irs məkanı” ilə bağlı siyahıda Türkiyə detalına diqqət çəkib. Məqalədə Hindistan, Fransa və Peru kimi ölkələrin ön sıralarda olduğu, Türkiyənin isə mədəni turizm istiqamətləri ilə siyahıda yer aldığı bildirilib.

Nəşr yazır ki, son illərdə səyahət anlayışında dəyişiklik müşahidə olunur. Klassik dəniz, qum və günəş turizmi ilə yanaşı, turistlər artıq daha çox tarix, mədəniyyət, arxeologiya və qədim sivilizasiyaların izlərini araşdırmağa yönəlirlər.

Türkiyə bu baxımdan İstanbul, Efes və Kapadokya-Göreme kimi məkanları ilə seçilir. Məqalədə İstanbul “yaşayan şəhər” nümunəsi kimi təqdim olunur; Ayasofya, Sultanahmet məscidi, Topqapı Sarayı və Bizans divarları şəhərin tarixi piyada marşrutlarının əsas hissələri kimi qeyd edilir.

Efes Antik Şəhəri isə arxeoloji gəzinti marşrutları sırasında önə çəkilib. Burada Mərmər küçə, Selsus kitabxanası və Böyük teatr Roma dövrünün ən yaxşı qorunmuş tarixi məkanları arasında göstərilir.

Kapadokya-Göreme isə təbiət və tarix elementlərinin birləşdiyi mədəni irs istiqamətlərindən biri kimi təqdim olunur. Peri bacaları, qayaya oyulmuş kilsələr və yeraltı şəhərlər bölgəni həm mədəni, həm də təbiət turizmi üçün cəlbedici edir.

UNESCO-nun rəsmi siyahısında Türkiyənin bir çox Dünya İrsi obyekti yer alır. Bunlar arasında İstanbulun tarixi əraziləri, Efes, Göreme Milli Parkı və Kapadokya qayalıqları, Pamukkale-Hierapolis, Göbekli Tepe və digər tarixi məkanlar var.