Türkiyənin Milli Müdafiə Nazirliyi ötən ilin noyabrında Gürcüstanda, Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayan C-130 hərbi-nəqliyyat təyyarəsinin “qara qutu” məlumatlarının deşifrə edildiyini açıqlayıb.
Nazirliyin açıqlamasına istinad edən məlumatda bildirilir ki, qəzadan əvvəl uçuş normal rejimdə davam edib, ekipajın danışıqlarında problem siqnalı görünməyib və sistemlərdə hər hansı kənarlaşma qeydə alınmayıb. Eyni məlumatda hadisənin qəfil baş verdiyi, qeydiyyatın təyyarənin quyruq hissəsi ayrıldıqdan sonra dayandığı vurğulanır.
Qəzanın əsas səbəbi isə hələ də qəti müəyyənləşdirilməyib. İlkin tapıntılara əsasən, təyyarənin əvvəlcə quyruq hissəsi qopub, daha sonra bort üç hissəyə ayrılıb. Türkiyə Müdafiə Nazirliyi həmin vaxt “qara qutu” analizinin və ilkin nəticələrin hazırlanmasının azı iki ay çəkəcəyini bildirmişdi.
Bundan əvvəl aparılmış ayrıca kriminalistik ekspertiza da xarici müdaxilə versiyasını gücləndirməyib. Türkiyə Jandarmasının məhkəmə-kriminal laboratoriyasının hesabatına görə, qalıqlarda partlayıcı maddə izi, qəlpə zədəsi, yaxınlıqda sursat partlayışına işarə edən əlamət və ya təxribat sübutu aşkarlanmayıb. Türkiyə mediası yazır ki, bu tapıntılar təyyarənin vurulması və ya sabotaj barədə iddiaları zəiflədir.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsi 11 noyabr 2025-ci ildə Gəncədən Türkiyəyə uçarkən Gürcüstanda, Azərbaycan sərhədinə yaxın ərazidə qəzaya uğramışdı. Hadisə nəticəsində göyərtədə olan 20 hərbçinin hamısı həlak olmuşdu. Təyyarənin F-16 texniki heyətini, uçuş ekipajını və avadanlıqları daşıdığı bildirilirdi.