Trampdan “Super Bowl”-un fasilə şousuna sərt reaksiya

ABŞ Prezidenti Donald Tramp "Super Bowl"-un fasilə şousunu sərt tənqid edərək, nümayişin Amerikanın dəyərlərini əks etdirmədiyini və indiyə qədərki ən uğursuz şoulardan biri olduğunu bildirib.

30

ABŞ Prezidenti Donald Tramp NFL-in çempionluq qarşılaşması olan “Super Bowl”-un fasilə zamanı təqdim edilən şousunu sərt tənqid edib.

Tramp bildirib ki, bu nümayiş Amerikanın dəyərlərini əks etdirmir və indiyə qədər gördüyü ən uğursuz fasilə proqramlarından biridir. ABŞ-ın ən çox izlənilən və ən böyük idman tədbiri hesab olunan, bu il 60-cı dəfə keçirilən “Super Bowl” matçının fasilə şousu ilə bağlı fikirlərini Tramp özünün “Truth Social” hesabında paylaşıb və həm NFL rəhbərliyini, həm də təşkilatçıları hədəfə alıb.

Prezident paylaşımında “Super Bowl-un fasilə şousu qətiyyən bərbad idi, indiyə qədərki ən pislərindən biri” ifadəsini işlədib və göstərilən proqramı “Amerikanın böyüklüyünə qarşı hörmətsizlik” kimi dəyərləndirib. Onun sözlərinə görə, şou ABŞ cəmiyyətinin əsas dəyərlərini əks etdirməyib.

Tramp fasilə şousunda səsləndirilən, Porto Rikolu repçi “Bad Bunny”-yə aid mahnıların “heç kəs tərəfindən başa düşülmədiyini” vurğulayıb, rəqs elementlərini isə xüsusilə ABŞ-da və dünyanın müxtəlif bölgələrində tamaşa edən uşaqlar üçün “iyrənc” adlandırıb. ABŞ Prezidenti bildirib ki, bu nümayiş hər gün yeni nailiyyətlər qazanan ölkə üçün bir irəliləyiş deyil, əksinə, ABŞ-a vurulan simvolik zərbədir.