ABŞ Prezidenti Donald Tramp dövlət qurumlarına yadplanetlilər və “naməlum uçan obyektlər” (UNO) ilə bağlı arxiv materiallarının müəyyən edilərək ictimaiyyətə açıqlanması üçün tapşırıq verəcəyini bildirib.
Tramp bu açıqlamanı “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı səsləndirib. O, sabiq ABŞ Prezidenti Barak Obamanın bir podkastda “yadplanetlilərin real olduğu” barədə fikirlərinə toxunaraq, bunun gizli məlumatların paylaşılması anlamına gəldiyini və düzgün olmadığını deyib.
Yadplanetlilərin mövcudluğu barədə şəxsi məlumatının olmadığını vurğulayan Tramp, bu mövzuda qəti mövqe ortaya qoymaq istəmədiyini qeyd edib.
Daha sonra sosial media hesabında paylaşım edən Tramp, ictimai marağı əsas gətirərək, Müdafiə Nazirliyi və digər müvafiq qurumlara dünya xarici həyat, “naməlum anomal fenomenlər” (UAP) və UNO-larla bağlı sənədlərin müəyyən edilməsi və açıqlanması prosesinin başlanması üçün göstəriş verəcəyini açıqlayıb.
Obama daha əvvəl qatıldığı podkastda yadplanetlilərlə bağlı suala “Mövcuddurlar, amma mən görməmişəm” cavabını vermiş, “51-ci bölgə” barədə isə prezidentdən gizlədilən böyük bir sirrin olmadığını söyləmişdi.