Tramp məhkəməni uduzdu: “Amerikanın Səsi” yenidən efirə qayıdır

ABŞ məhkəməsi Donald Tramp administrasiyasının “Amerikanın Səsi”nin bağlanması qərarını qanunsuz sayıb və 1042 əməkdaşın işə qaytarılmasını tələb edib.

16

ABŞ məhkəməsi Donald Tramp administrasiyasının “Amerikanın Səsi”nin (“Voice of America”) yayımını dayandırmaq qərarını qanunsuz hesab edib.

Kolumbiya dairəsi üzrə ABŞ dairə məhkəməsinin hakimi Roys Lambert qərarında bildirib ki, yayımın dayandırılması hüquqi əsaslara uyğun olmayıb və bu səbəbdən media qurumunun fəaliyyəti bərpa edilməlidir.

Məhkəmə qərarına əsasən, “Amerikanın Səsi”nin 1042 əməkdaşı yenidən işə qaytarılmalıdır. Hakim ABŞ hökumətinə qərarın icrası və yayımın bərpası üçün bir həftə müddət verib.

Qeyd edək ki, Tramp prezidentlik müddətinin ilk həftələrində bu media qurumunun fəaliyyətinin dayandırılması barədə göstəriş vermişdi. Administrasiya rəsmiləri yayımçını qərəzli olmaqda və xəbərləri sol mövqedən işıqlandırmaqda ittiham edirdi.

Məhkəmənin qərarı ABŞ-da media azadlığı və dövlətin media üzərində təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.