ABŞ prezidenti Donald Tramp martın 17-də verdiyi açıqlamalarda İranla bağlı gərginlik, Hörmüz boğazının təhlükəsizliyi və NATO müttəfiqlərinin mövqeyi barədə danışıb.
MSNews.az xəbər verir ki, Donald Tramp ABŞ-ın artıq NATO ölkələrinin köməyinə ehtiyac duymadığını bildirib.
“Bizim NATO üzrə “müttəfiqlərimizin” əksəriyyəti ABŞ-a Yaxın Şərqdə İranın terror rejiminə qarşı apardığımız hərbi əməliyyatda iştirak etmək istəmədiklərini bildiriblər.
Bu isə ona baxmayaraq baş verir ki, demək olar hər bir ölkə gördüyümüz işləri dəstəkləyib və İranın heç bir halda, heç bir formada və heç bir şəraitdə nüvə silahına sahib olmasının yolverilməz olduğunu qəti şəkildə qəbul edib.
Açığı, onların bu addımı məni təəccübləndirmədi, çünki mən həmişə NATO-nu – bu ölkələrin müdafiəsi üçün hər il yüz milyardlarla dollar xərclədiyimiz təşkilatı – birtərəfli hərəkət edən bahalı bir yol kimi qiymətləndirmişəm.
Biz onları qoruyuruq, amma onlar bizim üçün heç nə etmirlər, xüsusilə də çətin anlarda.
Xoşbəxtlikdən, biz İranın hərbi potensialını məhv etdik: onların hərbi-dəniz donanması artıq mövcud deyil, hava qüvvələri darmadağın edilib, hava hücumundan müdafiə sistemləri və radarları məhv olunub və ən əsası, onların rəhbərliyi demək olar ki, bütün səviyyələrdə zərərsizləşdirilib və bir daha nə bizə, nə Yaxın Şərqdəki müttəfiqlərimizə, nə də bütün dünyaya təhdid yarada bilməyəcək.
Bu cür hərbi uğurlar əldə etdiyimiz üçün artıq NATO ölkələrinin köməyinə “ehtiyacımız yoxdur” və onu istəmirik – BİZ HEÇ VAXT DA ONA EHTİYAC DUYMAMIŞIQ!
Eyni sözləri Yaponiya, Avstraliya və ya Cənubi Koreya barədə də demək olar.
Əslində isə, dünyanın istənilən nöqtəsində ən güclü ölkə olan Amerika Birləşmiş Ştatlarının prezidenti kimi bəyan edirəm: BİZƏ HEÇ KİMDƏN KÖMƏK LAZIM DEYİL!” – deyə ABŞ prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb.
Tramp xüsusi olaraq, Fransanın bu məsələdə ABŞ-a dəstək verməkdən imtina etməsini tənqid edərək qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda vəzifəsini itirəcək və bunu hər kəs görəcək.