Tramp komandası Reza Pəhləvini İran üçün real alternativ hesab etmir

"The New Yorker" yazır ki, Donald Trampa təqdim edilən kəşfiyyat hesabatında Reza Pəhləvinin İran daxilində rejimi devirmək üçün kifayət qədər dayağa malik olmadığı göstərilib.

20

“The New Yorker yazır ki, ABŞ prezidenti Donald Trampa müharibənin ilk zərbələrindən bir həftə əvvəl təqdim edilən kəşfiyyat hesabatında Reza Pəhləvinin İran daxilində rejimi devirmək üçün yetərli dayağa malik olmadığı göstərilib. Nəşrin məlumatına görə, Vaşinqtonda keçmiş şahın oğluna ciddi siyasi fiqur kimi yanaşılmayıb. 

ABŞ-də nəşr olunan The New Yorker” jurnalının yazdığına görə, İranın devrilmiş son şahının oğlu Reza Pəhləvi Vaşinqtonda bəzi çevrələrin düşündüyü qədər güclü alternativ hesab olunmur. Nəşrin martın 22-də yayımladığı məqalədə bildirilir ki, ABŞ prezidenti Donald Trampa müharibənin başlanmasından bir həftə əvvəl təqdim edilən kəşfiyyat hesabatında Pəhləvinin İran daxilində rejimi devirmək üçün kifayət qədər təşkilatlanmış tərəfdar şəbəkəsinə malik olmadığı qənaəti yer alıb.

Məqalədə qeyd olunur ki, İsrailin 28 fevral tarixli hücumundan əvvəl hazırlanmış həmin qiymətləndirmə Vaşinqtonun Pəhləviyə yanaşmasında mühüm rol oynayıb. The New Yorker” yazır ki, ABŞ administrasiyasında onun liderlik potensialına skeptik münasibət uzun müddətdir mövcuddur.

Con Hopkins Universitetinin professoru Vali Nasr nəşrə açıqlamasında bildirib ki, administrasiya daxilində Pəhləviyə heç vaxt tam ciddi fiqur kimi baxılmayıb. Onun sözlərinə görə, xaricdən simpatiya toplamaqla ölkə daxilində real təşkilatlanma arasında ciddi fərq var və hakimiyyət dəyişikliyi üçün yalnız populyarlıq kifayət etmir.

Məqalədə vurğulanır ki, Reza Pəhləvi 2026-cı ilin əvvəlində İranda baş vermiş kütləvi etirazlar fonunda qısa müddət ərzində əsas alternativ simalardan biri kimi ön plana çıxsa da, bu impuls davamlı siyasi dayağa çevrilməyib. Nəşrin təhlilinə görə, onun həm İran daxilində zəif təsiri, həm də ABŞ və İsraillə yaxın görünən əlaqələri müxalif düşərgədə belə birmənalı qarşılanmayıb.

“The New Yorker” həmçinin xatırladır ki, Pəhləvi son illərdə özünü keçid dövrünün birləşdirici fiquru kimi təqdim etməyə çalışsa da, həm diaspora daxilində parçalanma, həm də ölkə daxilində operativ təşkilatlanmanın zəifliyi onun mövqeyini məhdudlaşdırıb. Məqaləyə görə, bombardmanlar, mülki itkilər və xarici müdaxilə ilə bağlı yaranan həssaslıq Pəhləvinin imicinə əlavə təzyiq yaradır.

Nəşrin qənaətinə görə, ABŞ-İsrail xəttində İran hakimiyyətinə təzyiq artsa da, hava hücumlarının özlüyündə ölkə daxilində hakimiyyət dəyişikliyini təmin etməsi real görünmür. Bu isə Vaşinqtonun potensial keçid fiqurları ilə bağlı hesablamalarını daha mürəkkəb edir.