Tramp İranla danışıqlardan narazıdır

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlarda yaxşı niyyət göstərmədiyini desə də, Vaşinqtonun Tehranla razılaşma əldə etmək istədiyini və əlavə görüşlərin planlaşdırıldığını açıqlayıb.

39

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların gedişatından narazı olduğunu bildirsə də, prosesin davam edəcəyini açıqlayıb. O, Ağ evdən Texas ştatına yola düşərkən jurnalistlərin suallarını cavablandırarkən deyib ki, İranın “yaxşı niyyətlə və açıq şəkildə” müzakirə aparmadığını düşünür, lakin buna baxmayaraq Vaşinqton Tehranla razılaşma əldə etmək istəyir.

Tramp mümkün hərbi müdaxilənin uzun və yorucu müharibəyə çevrilə biləcəyi ilə bağlı suala cavabında hər zaman risklərin olduğunu vurğulayıb. O, hərbi addımın rejim dəyişikliyinə səbəb olub-olmayacağı barədə isə “Bunu heç kim bilmir. Ola da bilər, olmaya da bilər. Ordusuz həll edə bilsək, daha yaxşı olar, amma bəzən məcbur qalırıq” ifadələrini işlədib.

ABŞ prezidentinin sözlərinə görə, İranın nüvə silahına sahib olmasına yol verilməyəcək. Tramp əlavə edib ki, Vaşinqton bu məsələ ilə bağlı razılaşma əldə etmək niyyətindədir və yaxın saatlarda əlavə görüşlər planlaşdırılır. “Bizə verməli olduqlarını verməyə yanaşmamalarından məmnun deyiləm. Gedişatdan razı deyiləm, amma gözləyib görəcəyik”, – deyə o bildirib.

Tramp çıxışında Rusiya–Ukrayna müharibəsinə də toxunaraq hər iki tərəflə təmasların davam etdiyini deyib. O, həmçinin Kuba ilə bağlı da açıqlama verərək Havana rəhbərliyinin ABŞ ilə danışıqlar apardığını və “bəlkə də dostane şəkildə idarəetmənin dəyişə biləcəyini” iddia edib.

Ceffri Epşteyn işi ilə bağlı ünvanlanan suala isə Tramp bu mövzuda hər hansı məlumatı olmadığını və özünü tamamilə təmizə çıxardığını bildirməklə cavab verib.