ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merslə keçirdiyi görüş zamanı İran rejiminə endirilən zərbələrin nəticələri barədə danışıb və əməliyyatların ciddi nəticələr doğurduğunu bildirib.
Görüş zamanı Tramp Almaniya kanslerinin bu prosesdəki rolunu yüksək qiymətləndirib:
“Bu gün bir az da İran barədə danışacağıq. Mers bizə çox kömək edib”.
ABŞ prezidenti vurğulayıb ki, İranın hərbi infrastrukturu ağır zərbə alıb:
“Onların artıq nə donanması, nə hərbi hava qüvvələri, nə də hava hücumundan müdafiə sistemləri qalıb. Radarları sıradan çıxarılıb, demək olar ki, hər şey məhv edilib”.
Almaniya kansleri Fridrix Mers isə Tehrandakı mövcud rejimlə bağlı Vaşinqtonla eyni mövqedə olduqlarını bəyan edib:
“Biz Tehrandakı bu qorxunc rejimin kənarlaşdırılması məsələsində eyni fikirdəyik. İndi isə əməliyyatdan sonrakı mərhələni müzakirə edəcəyik”.
Jurnalistlərin İsrail və Baş nazir Benyamin Netanyahunun ABŞ-ı müharibəyə məcbur edib-etmədiyi barədə sualına Tramp sərt reaksiya verib:
“Xeyr, bəlkə də mən onları buna məcbur etdim. Hesab edirdim ki, bu dəlilər birinci hücum edəcəklər. Onlar neytral ölkələri vururlar və indi həmin ölkələrin hamısı onlara qarşı döyüşür”.
Tramp İran rəhbərliyindəki itkilərə də toxunaraq bildirib:
“Görünür, yeni rəhbərliyə qarşı daha bir ciddi zərbə endirilib. Ən pisi odur ki, biz bunları edərik, sonra isə hakimiyyətə əvvəlki kimi pis biri gələr. Bunun olmasını istəmirik. Lakin rəhbərlik üçün nəzərdə tutduğum insanların əksəriyyəti artıq ölüb, digər qrup da yəqin ki, məhv edilib”.
Açıqlamalar ABŞ və Avropa arasında İran məsələsində koordinasiyanın davam etdiyini və əməliyyatdan sonrakı mərhələnin artıq əsas müzakirə mövzusuna çevrildiyini göstərir.