Tramp: “İranla müharibə bitdikdən sonra neft qiymətləri enəcək”

ABŞ Prezidenti Donald Tramp İranla müharibə başa çatdıqdan sonra neft qiymətlərinin azalacağını bildirib. Yaxın Şərqdə gərginlik fonunda Brent nefti 80 dolları ötüb.

39

ABŞ Prezidenti Donald Tramp İranla müharibə başa çatdıqdan sonra neft qiymətlərinin azalacağını bildirib. O, Ağ Evdə Almaniya Kansleri Fridrix Mers ilə Oval kabinetdə keçirdiyi görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən Yaxın Şərqdə artan gərginliyin enerji bazarlarına təsirinə münasibət bildirib.

Tramp qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra neft qiymətləri qısamüddətli artım göstərsə də, münaqişə başa çatan kimi bu tendensiya dəyişəcək. “Neft qiymətləri bir müddət yüksək qala bilər, lakin vəziyyət sabitləşən kimi enəcək, hətta əvvəlki səviyyədən də aşağı düşəcəyinə inanıram”, – deyə ABŞ prezidenti vurğulayıb.

Almaniya Kansleri Mers isə mövcud vəziyyətin iqtisadiyyatlara mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, artan neft və benzin qiymətləri Avropa ölkələrinin iqtisadi göstəricilərinə zərbə vurur. Mers müharibənin ən qısa müddətdə başa çatacağına ümid etdiklərini qeyd edib.

Son günlər ABŞ və İsrailin İrana qarşı hücumları, eləcə də Tehranın cavab addımları fonunda qlobal enerji bazarlarında təkliflə bağlı narahatlıqlar artıb. Bu səbəbdən Brent markalı neftin bir barelinin qiyməti 80 ABŞ dollarını ötüb. Analitiklər hesab edirlər ki, regionda hərbi eskalasiyanın davam etməsi enerji qiymətlərində volatilliyi saxlaya bilər.