Tramp: “İrandan sonra Kuba da çökəcək”

ABŞ prezidenti Donald Tramp "Politico"-ya müsahibəsində İrana qarşı əməliyyatların uğurlu olduğunu bildirib və Kubada da siyasi sistemin çökə biləcəyini iddia edib.

38

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İrana qarşı siyasəti nəticə verəcək və Tehran rəhbərliyi geri çəkilməyə məcbur olacaq. O, həmçinin bundan sonra Kubadakı mövcud siyasi sistemin də süqut edə biləcəyini iddia edib. 

ABŞ lideri bu fikirləri ABŞ-nin “Politico” nəşrinə telefonla verdiyi müsahibədə səsləndirib. Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatların “uğurlu” olduğunu deyərək, İran rəhbərliyinin sonda razılaşmaya getmək məcburiyyətində qalacağını bildirib.

O, eyni zamanda Kubanın da ciddi iqtisadi və siyasi böhranla üzləşdiyini iddia edərək, “Kuba da çökəcək” ifadəsini işlədib. Trampın sözlərinə görə, Vaşinqtonun tətbiq etdiyi təzyiqlər və xüsusilə Venesueladan Kubaya enerji və maliyyə axınının dayandırılması adanın vəziyyətinə ciddi təsir göstərib.

ABŞ prezidentindən Vaşinqtonun Kubada hakimiyyəti dəyişdirmək planı olub-olmadığı soruşulduqda isə o, bu suala birbaşa cavab verməyərək “Siz nə düşünürsünüz?” deyə reaksiya verib və ABŞ-nin Havana ilə təmaslarının davam etdiyini qeyd edib.

Tramp həmçinin bildirib ki, ABŞ administrasiyası İranın gələcək siyasi rəhbərliyinin formalaşmasına da təsir göstərə bilər. Onun sözlərinə görə, Vaşinqton İranın nüvə silahına sahib olmayan və ölkəni yenidən qurmağa qadir olan bir lider tərəfindən idarə olunmasını istəyir.

ABŞ prezidenti əlavə edib ki, İranla bağlı əməliyyatları davam etdirmək üçün ABŞ-nin kifayət qədər silah ehtiyatı mövcuddur və həyata keçirilən hərbi tədbirləri “cərrahi müdaxilə” kimi xarakterizə edib.