ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verərək ölkənin artıq ciddi təhlükə yaratmadığını iddia edib.
Tramp Ağ Evdə çıxışı zamanı İranı “kağız pələngi” adlandıraraq bildirib ki, son hadisələrdən sonra Tehran əvvəlki gücünü itirib. Onun sözlərinə görə, “iki həftə əvvəl İran kağız pələngi deyildi, amma indi belədir”.
ABŞ prezidentinin bu açıqlaması Vaşinqton ilə Tehran arasında gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib. Tramp bundan əvvəl də İranın hərbi imkanlarının ciddi zərbə aldığını iddia etmiş və ölkənin donanması, hava qüvvələri və bəzi müdafiə sistemlərinin məhv edildiyini bildirmişdi.
ABŞ administrasiyası həmçinin İranın Fars körfəzində yerləşən strateji obyektlərinə zərbələr endirdiyini açıqlayıb. Vaşinqton bu əməliyyatların beynəlxalq gəmiçiliyə təhlükə yaradan fəaliyyətlərə cavab olduğunu bildirir.
Trampın son açıqlamaları ABŞ və İran arasında davam edən qarşıdurma fonunda beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb olub.