Tramp: “İran Hörmüz boğazını bağlasa, ABŞ 20 dəfə daha sərt cavab verəcək”

ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazında neft axınını dayandırması halında Vaşinqtonun çox sərt hərbi cavab verəcəyini açıqlayıb.

35

Donald Tramp İranın Hörmüz boğazı üzərindən neft axınını dayandıracağı təqdirdə ABŞ-nin çox sərt cavab verəcəyini bildirib. ABŞ prezidenti sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qeyd edib ki, Tehran belə addım atarsa, Vaşinqton indiyədək həyata keçirilən hücumlardan “20 dəfə daha sərt” zərbə endirəcək.

Tramp bildirib ki, İranın bu istiqamətdə hər hansı addımı ABŞ tərəfindən “asanlıqla məhv edilə biləcək hədəflərin” vurulması ilə nəticələnə bilər. Onun sözlərinə görə, belə bir ssenari İranın yenidən bir dövlət kimi bərpasını demək olar ki, mümkünsüz edə bilər.

ABŞ prezidenti həmçinin vurğulayıb ki, Hörmüz boğazının açıq qalması, xüsusilə də bu marşrutdan intensiv istifadə edən ölkələr – ilk növbədə Çin üçün faktiki olaraq “ABŞ-nin hədiyyəsi” sayılır.

Bundan əvvəl Tramp ABŞ-nin boğaz üzərində nəzarəti ələ almaq ehtimalını da gündəmə gətirmişdi. Bu açıqlama regionda gərginliyin artdığı bir dövrdə səslənib.

Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusu Trampın bəyanatına cavab olaraq bildirib ki, İsrail və ABŞ səfirliklərini ölkələrindən çıxaran ərəb və ya Avropa dövlətlərinin gəmiləri bundan sonra Hörmüz boğazından sərbəst keçə biləcəklər.