Tramp Konqresdə İrana xəbərdarlıq etdi: “Nüvə silahına icazə verməyəcəyik”

ABŞ Prezidenti Donald Tramp “Birliyin Durumu” çıxışında İranla bağlı sərt mesajlar verdi, diplomatiyaya üstünlük verildiyini, lakin nüvə silahına yol verilməyəcəyini açıqladı.

29

ABŞ Prezidenti Donald Tramp Konqresin birgə iclasında etdiyi ənənəvi “Birliyin Durumu” çıxışında İran siyasətinə dair açıq və sərt mesajlar səsləndirib. İkinci prezidentlik dövrünün ilk ilini dəyərləndirən Tramp bildirib ki, əsas üstünlük diplomatiyaya verilsə də, İranın nüvə silahına sahib olmasına qətiyyən yol verilməyəcək.

Xarici siyasətə dair çıxışında son 11 ayda səkkiz münaqişənin dayandırıldığını iddia edən ABŞ Prezidenti, hazırda İran ilə danışıqların davam etdiyini, lakin razılaşma əldə olunmadığı təqdirdə Vaşinqtonun bütün variantlara hazır olduğunu vurğulayıb. Tramp İranı “dünyanın bir nömrəli terror dəstəkçisi” adlandıraraq, bu ölkənin nüvə silahına sahib olmasının ABŞ üçün qırmızı xətt olduğunu bildirib.

ABŞ Prezidenti İranın raket proqramına da toxunaraq, Tehranın Avropanı, ABŞ-nin xaricdəki hərbi bazalarını və hətta ABŞ ərazisini vura biləcək raketlər üzərində işlədiyini iddia edib. Onun sözlərinə görə, İran dəfələrlə nüvə silahı proqramını bərpa etməmək barədə xəbərdarlıq alsa da, bu fəaliyyətlər yenidən gündəmə gətirilir.

Tramp çıxışında ABŞ-nin onilliklərdir dəyişməyən əsas siyasətinin İranın nüvə silahına malik olmasının qarşısını almaq olduğunu xatırladıb və əlavə edib ki, Tehran hələ də “heç vaxt nüvə silahına sahib olmayacağı” ilə bağlı açıq öhdəlik verməyib.

Prezident eyni zamanda, Qəzzada əldə olunan atəşkəsin Yaxın Şərqdə sülh üçün mühüm mərhələ olduğunu qeyd edib, girovların geri qaytarılması prosesinə toxunaraq bu istiqamətdə səyləri yüksək qiymətləndirib.

Çıxış zamanı daxili siyasət mövzusunda da gərginlik yaşanıb. Tramp miqrasiya siyasətinə görə demokratları sərt tənqid edib və Konqres üzvlərini qanunsuz miqrantlardan deyil, ABŞ vətəndaşlarından yana mövqe tutmağa çağırıb. Respublikaçılar ayağa qalxaraq dəstək göstərsə də, demokratların əksəriyyəti buna qoşulmayıb. Demokrat konqresmenlərdən bəziləri, o cümlədən İlhan Omar, Trampın sözlərinə etiraz ediblər. Demokrat konqres üzvü Al Qrin isə etiraz aksiyası səbəbilə zalı tərk etmək məcburiyyətində qalıb.