ABŞ prezidenti Donald Tramp administrasiyasında Ağ Evin aparat rəhbəri olan Syuzi Uaylsa süd vəzi xərçəngi diaqnozu qoyulduğu açıqlanıb.
Məlumata görə, 68 yaşlı Uaylsda xəstəlik erkən mərhələdə aşkar edilib və onun müalicə prosesinə baxmayaraq vəzifəsini davam etdirəcəyi bildirilib. ABŞ prezidenti bu barədə sosial şəbəkədə paylaşım edərək, yaxın müşavirlərindən biri olan Uaylsın güclü və qətiyyətli insan olduğunu vurğulayıb və proqnozun “çox yaxşı” olduğunu qeyd edib.
Ağ Ev rəhbərliyi də Uaylsın müalicə dövründə işini davam etdirəcəyini bildirib. O, yaxın həftələrdə müalicəyə başlayacaq və əsasən Vaşinqtonda fəaliyyət göstərəcək.
Uayls, ABŞ tarixində Ağ Evin aparat rəhbəri vəzifəsini tutan ilk qadın hesab olunur. O, uzun illər Respublikaçı Partiyada siyasi strateq kimi çalışıb və Donald Trampın həm 2016, həm də 2024-cü il seçki kampaniyalarında mühüm rol oynayıb.