Tokiodakı əkiz pandalar yanvarın sonunda Çinə qayıdır: Yaponiya 50 il sonra pandasız qalacaq

Yaponiyanın Tokiodakı ikiz pandaları “Xiao Xiao” və “Lei Lei” yanvarın sonunda Çinə qaytarılacaq. Bu hadisə ilə Yaponiya təxminən 50 il sonra ilk dəfə pandasız ölkə olacaq.

61

Yaponiyanın paytaxtı Tokiodakı əkiz pandalar “Xiao Xiao” və qardaşı “Lei Lei” yanvar ayının sonunda Çinə qaytarılacaq.

Bu geri qaytarılma ilə Yaponiya təxminən 50 il sonra ilk dəfə ölkədə panda olmayan bir dövrə girəcək. Pandaların son ictimai nümayişi isə 25 yanvar tarixinədək olacaq.

Kiodo agentliyinin məlumatına görə, 2021-ci ildə Ueno Zooparkında doğulan əkiz pandalar, Çinlə Yaponiya arasında bağlanmış icarə müqaviləsi çərçivəsində Çinə geri göndərilir. Pandaların valideynləri Çin tərəfindən çoxalma araşdırmaları üçün Yaponiyaya gətirilmişdi və mülkiyyət hüquqları da Çin tərəfinə aiddir.

Yaponiya Kabinet Baş Katibi Kihara Minoru mətbuat konfransında bildirib ki, pandalar vasitəsilə iki ölkə arasında qurulan əlaqələrin davam etməsi arzusundadır. Onun sözlərinə görə, pandalar həmçinin iki xalq arasında ictimai rəyin yaxşılaşdırılmasına uzun müddət töhfə verib.

Lakin yeni panda icarəsi ilə bağlı gözləntilər hazırda qeyri-müəyyəndir. Bu, Yaponiya Baş naziri Takaiçi Sanaenin Tayvanla bağlı açıqlamalarından sonra Pekin-Tokio münasibətlərində yaranmış gərginliklə bağlıdır. Baş nazir 7 noyabrda yapon parlamentindəki çıxışında Tayvan boğazına müdaxilə halında ölkənin hərbi güc tətbiq edə biləcəyini qeyd etmişdi. Bu bəyanat Pekin tərəfindən ciddi reaksiyaya səbəb olmuş, Çin Yaponiyanın səfirini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi protest notası təqdim etmişdi.

Takaiçi Sanae sözlərinin nəzəri olduğunu açıqlasa da, geri çəkməkdən imtina edib. Bu hadisədən sonra Çin Yaponiyaya səfərlər üçün təhlükəsizlik xəbərdarlığı, Təhsil Nazirliyi isə təhsil məqsədli xəbərdarlıq yayıb.