Tiranada minlərlə etirazçı Rama hökumətinin istefasını tələb etdi

Albaniyanın paytaxtı Tiranada keçirilən kütləvi etiraz aksiyasında minlərlə insan Baş nazir Edi Ramanın istefasını və hökumətdə korrupsiyaya son qoyulmasını tələb edib.

35

Albaniyanın paytaxtı Tiranada minlərlə insan Baş nazir Edi Rama hökumətinin istefası tələbi ilə küçələrə çıxıb. Aksiya ölkənin əsas müxalif qüvvəsi olan Albaniya Demokratik Partiyasının (PD) çağırışı ilə təşkil olunub.

Etirazçılar hökuməti korrupsiyada ittiham edərək Baş nazirlik binası qarşısında toplaşıb, daha sonra parlament binasına doğru yürüş ediblər. Aksiya zamanı bəzi şəxslər inzibati binalara molotov kokteyli və fişəng atıblar. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Mitinqdə çıxış edən Albaniyanın keçmiş baş naziri və PD sədri Sali Berişa hökumətə qarşı etirazların davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, məqsəd ölkədə “korrupsiyaya son qoymaqdır”.

Polisin müdaxiləsi nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Gözyaşardıcı qaz parlament binası yaxınlığındakı Namazgah məscidi ətrafına da yayılıb və təravih namazı qılan bəzi vətəndaşlara təsir edib.

Etirazçılar həmçinin 2025-ci il 19 noyabr tarixində korrupsiya iddiaları ilə vəzifəsindən uzaqlaşdırılan, daha sonra isə yenidən vəzifəsinə qaytarılan baş nazirin müavini və infrastruktur və energetika naziri Belinda Ballukunun da istefasını tələb ediblər.

Aksiya zamanı Tiranada bir sıra əsas yollar bağlanıb, yüzlərlə polis əməkdaşı təhlükəsizliyi təmin etmək üçün səfərbər edilib. Son aylarda Albaniyada hökumət əleyhinə aksiyalar intensivləşib və müxalifət nümayişlərin davam edəcəyini açıqlayıb.