ABŞ Konqresinin üzvü Tim Berçett bu günlərdə verdiyi açıqlamalarda yadplanetlilərin real olduğunu, onların Yerə gəldiyini və insanlarla təmas qurduğunu iddia edib.
TMZ-nin yaydığı müsahibəyə görə, Tennessi ştatından olan respublikaçı siyasətçi bu məlumatı hökumətdəki mənbələrdən eşitdiyini deyib, lakin iddiasını təsdiqləyən açıq sübut təqdim etməyib. “PEOPLE” da yazır ki, Berçett daha əvvəl “Newsmax”-a açıqlamasında federal qurumlardan aldığı brifinqlərdə “ictimaiyyəti sarsıda biləcək” məlumatlar gördüyünü söyləyib.
Berçett uzun müddətdir Pentaqon və digər qurumlardan UNO/UAP mövzusunda daha çox şəffaflıq tələb edir. O, Nümayəndələr Palatasında federal sirlərin açıqlanması üzrə işçi qrupunda yer alır və daha əvvəl Konqresdə UAP mövzusunda dinləmələrin keçirilməsinə dəstək verib. 2023-cü ildə ABŞ Konqresində keçirilən rəsmi dinləmədə keçmiş hərbi pilotlar Rayan Qreyvsvə Deyvid Freyvor, eləcə də keçmiş kəşfiyyat əməkdaşı Deyvid Qraş ifadə veriblər.
Ancaq Berçettin səsləndirdiyi “143 hadisə” rəqəmi rəsmi sənədlərdə başqa məna daşıyır. ABŞ Milli Kəşfiyyat Direktoru Ofisinin 2021-ci il ilkin hesabatında 144 hərbi mənşəli UAP müşahidəsindən danışılır; onlardan yalnız biri böyük sönən şar kimi müəyyən edilib, qalanları izahsız qalıb. Eyni hesabatda pilotların UAP-lə “toqquşması” deyil, 11 təhlükəli yaxınlaşma halı sənədləşdirilib. Hesabat həmçinin 18 insidentdə qeyri-adi hərəkət və uçuş xüsusiyyətləri qeyd olunduğunu bildirir.
Rəsmi ABŞ qurumlarının indiki mövqeyi isə daha ehtiyatlıdır. Pentaqonun AARO ofisi açıq şəkildə bildirir ki, indiyədək Yer mənşəli olmayan texnologiyanın mövcudluğunu təsdiqləyən sübut tapılmayıb. NASA-nın 2023-cü il yekun UAP hesabatında da “elmî ədəbiyyatda UAP-lərin yadplanetli mənşəli olduğunu göstərən qəti sübut yoxdur” deyilir. Başqa sözlə, Berçettin açıqlaması siyasi və şəxsi iddia olaraq gündəm yaratsa da, bu tezis hələ rəsmi şəkildə sübut olunmuş fakt sayılmır.