Tibbdə inqilabi addım: Çin alimləri sümükləri cəmi üç dəqiqəyə bərpa edən “sümük yapışqanı” yaradıblar 

Çin alimləri sümüklərin cəmi üç dəqiqədə birləşməsini təmin edən inqilabi “bio-yapışqan” hazırlayıblar. Cərrahiyyəsiz tətbiq olunan bu yeni texnologiya qırıq müalicəsini sürətləndirir, regenerasiyanı artırır və infeksiya riskini minimuma endirir.

115

Tibbin gələcəyini dəyişə biləcək bu elmi yenilik, sümüklərin bərpasında tamamilə yeni dövr açır. Çin alimləri tək bir inyeksiya ilə sınmış sümükləri cəmi üç dəqiqə ərzində birləşdirən, bədənin təbii sümük quruluşunu təqlid edən inqlabi “bio-yapışqan” hazırlayıblar. 

Bu material sümük toxuması ilə dərhal reaksiyaya girərək ani şəkildə bərkiyir, sınığı son dərəcə dəqiqliklə “möhürləyir” və eyni zamanda hüceyrə regenerasiyasını, yəni toxumaların yenidən yaranmasını sürətləndirir. Nəticədə sümük, ənənəvi cərrahi üsullardan qat-qat daha tez və daha möhkəm sağalır. 

Ənənəvi metal lövhələr və vintlərdən fərqli olaraq, bu texnologiya cərrahi müdaxilə tələb etmir, bərpa müddətini qısaldır və infeksiya riskini minimuma endirir. 

İlkin klinik sınaqlar göstərib ki, yeni “sümük yapışqanı” qırığı bir neçə dəqiqə ərzində sabitləşdirir və xəstənin hərəkət imkanlarını qısa zamanda bərpa edir. Alimlər hesab edirlər ki, bu kəşf ortopediyada, təcili tibbi yardımlarda və hətta döyüş meydanlarında travma müalicəsini tamamilə dəyişə bilər. 

Bir vaxtlar həftələrlə ağrı və sağalma tələb edən sınıqlar, indi bir neçə dəqiqəyə bərpa oluna bilər. Biologiya ilə mühəndisliyin birləşməsindən doğan bu texnoloji yenilik, son onilliyin ən ümidverici tibbi nailiyyətlərindən biri kimi dəyərləndirilir.