Dünya siyasətində Vaşinqtonun xarici müdaxilələr strategiyası yenidən diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Tramp rəhbərliyində həyata keçirilən və Venesuelanın lideri Nikolas Maduronun xüsusi əməliyyatla yaxalanıb ABŞ-a gətirilməsi dünya ictimaiyyətində kəskin reaksiya doğurub. Bu əməliyyat xarici siyasətdə “dəqiq müdaxilə və iqtisadi blokada” modelinin işləkliyi barədə yeni müzakirələrə yol açıb. İndi gözlər İrana yönəlib ki, bu model Tehran xəttində də tətbiq oluna bilərmi?
“Politico” nəşri tərəfindən aparılan detallı analizdə əsas sual qoyulur: ABŞ-ın Venesuelada sınanmış metodunu İran kimi daha mürəkkəb və güclü dövlətə tətbiq etmək mümkündürmü və bunun nəticələri nələr ola bilər? Analizə görə, ilk növbədə Venesuelanın Tehran üçün yalnız müttəfiq deyil, həm də iqtisadi “qaranlıq şəbəkə” funksiyasını yerinə yetirdiyi vurğulanır. Venesuela vasitəsilə həyata keçirilən qızıl və neft ticarəti vasitəsilə İran milyardlarla dollarlıq maliyyə dəstəyini qoruyub saxlayırdı; Maduronun devrilməsi isə İranın bu əsas iqtisadi kanallarından birini ciddi şəkildə sıradan çıxarıb.
Analizdə həmçinin qeyd edilir ki, İran və Venesuela daxili dinamikalar baxımından tam fərqlidirlər. Venesuelada ordunun loyallığı sarsılmış halda idi; buna qarşılıq İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkənin siyasi və hərbi strukturlarına dərin şəkildə inteqrasiya olunub və rejimin çöküşü onların da varlığını təhlükə altına alar. İranın regiondakı müttəfiqləri – məsələn, Hizbullah və ya Husilərlə əlaqələri – ölkəni xarici müdaxiləyə qarşı daha geniş və qətiyyətli cavabvermə qabiliyyətinə malik edir.
Analizdə o da bildirilir ki, xarici müdaxilənin İran daxilində milliyyətçi reaksiyanı gücləndirə biləcəyi və bunun da rejim əleyhinə etirazları birləşdirə biləcəyi riskləri var. Bundan başqa, İranın zəngin enerji resurslarına sahib olması ABŞ və beynəlxalq neft şirkətləri üçün maraqlı bir perspektiv yaradır. ABŞ enerji sektorunun nümayəndələri İranın neft infrastrukturlarına investisiya qoymağa hazır olduqlarını bildiriblər ki, bu da bu ssenarinin arxasında iqtisadi motivlərin olmasının göstəricisidir.
“Politico” nəhayət vurğulayır ki, belə bir kampaniyanın uğurla nəticələnməsi halında Rusiya və Çin kimi regional güclərin təsiri zəifləyə bilər və qlobal enerji bazarında dəyişikliklər baş verə bilər; əks halda isə Orta Şərq yeni bir təhlükəsizlik boşluğuna və uzunmüddətli nizamsızlığa sürüklənə bilər.