İsrail istehsalı olan casusluq serialı “Tehran”ın prodüseri Afinada müəmmalı şəkildə həyatını itirib. Yunanıstanın Vima qəzetinin məlumatına görə, 52 yaşlı prodüser Dana Eden paytaxt Afinadakı hotellərdən birində ölü tapılıb.
Bildirilib ki, Dana Eden fevral ayının əvvəlindən etibarən sözügedən hoteldə qalırdı. Həmin dövrdə Yunanıstanda serialın dördüncü mövsümünün çəkilişləri aparılırdı.
Məlumata əsasən, prodüserin cəsədini onunla əlaqənin kəsilməsindən sonra qardaşı aşkar edib. Hadisə yerində çoxlu sayda dərman preparatının tapılması istintaqa intihar ehtimalını da nəzərdən keçirməyə əsas verib.
Bununla yanaşı, İsrail mediası istisna etmir ki, hadisə ilə bağlı digər versiyalar da ola bilər. Xüsusilə, Dana Edenin “Tehran” serialındakı fəaliyyəti fonunda mümkün “İran izi” ehtimalı diqqət mərkəzindədir.
Qeyd edək ki, “Tehran” serialı İsrail və İran xüsusi xidmət orqanları arasında qarşıdurmanı mövzu alır. Layihə 2021-ci ildə Emmi mükafatına layiq görülərək “Ən yaxşı dram serialı” nominasiyasında qalib gələn ilk İsrail serialı olub