Talibandan yeni qanun: qadına qarşı zorakılıq sümük sınmadıqca cəzasız qalır

29

Əfqanıstanda hakimiyyətdə olan Taliban administrasiyası tərəfindən qəbul edilən yeni cəza qaydaları ölkədə və beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

Qanuna əsasən, ailədaxili zorakılıq hallarında qadına qarşı tətbiq edilən fiziki zorakılıq nəticəsində sümük sınığı və ya açıq yara qeydə alınmadığı təqdirdə məsuliyyət nəzərdə tutulmur. Bu müddəa hüquq müdafiəçiləri tərəfindən qadınlara qarşı zorakılığın faktiki olaraq legitimləşdirilməsi kimi qiymətləndirilir.

Məlumata görə, əgər zorakılıq nəticəsində ağır fiziki xəsarət – xüsusilə sümük sınığı və ya açıq yara – müəyyən edilərsə, tətbiq oluna biləcək cəza maksimum 15 gün həbsdir. Hüquq müdafiə təşkilatları hesab edir ki, bu cəza mexanizmi zorakılığın qarşısını almaq üçün yetərli deyil və qadınların hüquqi müdafiəsini xeyli zəiflədir.

Yeni qaydalarda qadınların məhkəməyə müraciət imkanları da məhdudlaşdırılır. Bildirilir ki, bəzi hallarda qadınların şikayət üçün kişi himayəçi ilə məhkəməyə gəlməsi tələb oluna bilər ki, bu da faktiki olaraq hüquqi müdafiəni çətinləşdirir. Bundan əlavə, evli qadınların həyat yoldaşının icazəsi olmadan ailə üzvlərini ziyarət etməsi də hüquqi məsuliyyət yarada bilər.

Beynəlxalq insan haqları təşkilatları bu qərarları qadın hüquqlarının sistemli şəkildə məhdudlaşdırılması kontekstində qiymətləndirir və Əfqanıstanda qadınların ictimai və hüquqi statusunun daha da zəiflədiyini bildirirlər.