Tacikistan–Əfqanıstan sərhədində toqquşma – HƏLAK OLANLAR VAR

Tacikistan–Əfqanıstan sərhədində baş vermiş toqquşmada iki tacik sərhədçisi həlak olub, bir neçə əfqan silahlı öldürülüb. Hadisə yeni açılmış sərhəd məntəqələrinə yaxın ərazidə baş verib.

75

Tacikistan–Əfqanıstan sərhədində 24 dekabr tarixində baş vermiş toqquşmada iki tacik sərhədçisi həlak olub, bir neçə tacik zabiti yaralanıb.

“Azadlıq/Özodi” Radiosu”nun məlumatına görə, insident Şamsiddin-Şohin rayonunun sərhəd bölgəsində baş verib. Tacik sərhədçiləri ilə Əfqanıstandan keçən silahlı qaçaqmalçı qruplar arasında qarşıdurma nəticəsində itkilər qeydə alınıb.

Həlak olmuş tacik zabitlərin adları açıqlanıb: 28 yaşlı İsmatullo Qurbonov və 33 yaşlı Ziribon Navruzbekov. Mənbələr bildirirlər ki, bir qaçaqmalçı saxlanılıb, digər silahlı şəxslərdən ikisi isə tacik qüvvələrinin cavab atəşi nəticəsində öldürülüb. Kabuldakı “Hashti Subh” qəzeti məlumat verib ki, öldürülən əfqan silahlıların narkotik qaçaqmalçısı olduğu bildirilir.

Hadisə Tacikistanın Əfqanıstan sərhədində eyni gündə açılmış dörd yeni sərhəd-keçid məntəqəsinə yaxın ərazidə baş verib. Prezident İmamoli Rəhmon sərhəd açılış mərasimində onlayn qatılıb və sərhəd təhlükəsizliyinin gücləndirilməsinə diqqət çəkib. Tacikistan–Əfqanıstan sərhədinin ümumi uzunluğu təxminən 1400 kilometrdir.

2021-ci ildən Kabuldakı Taliban hökumətinin qonşu ölkələrə hücum etməyəcəyi barədə verdiyi vədlərə baxmayaraq, tacik tərəfi sərhəd bölgəsində silahlı şəxslərin və narkotik qaçaqmalçılarının mövcudluğundan narahatdır. Son bir ayda sərhəd zonasında Əfqanıstandan Tacikistana keçirilmiş hücumlar nəticəsində iki dəfə Çin vətəndaşlarına qarşı silahlı təcavüz baş verib, beş Çin vətəndaşı həlak olub. Pekin hadisələri qınayaraq tacik hökumətindən ölkədəki vətəndaşlarının təhlükəsizliyini təmin etməyi tələb edib.