Suriyada yeni hakimiyyət ələvilərin etirazı fonunda sadiqlik qazanmağa çalışır

Suriyanın yeni rəhbərliyi mart hadisələrindən sonra ələvi icmasının dəstəyini qazanmaq üçün amnistiya və yardım proqramları həyata keçirir, lakin dərin etimadsızlıq qalır.

77

Suriyada hakimiyyətə gələn yeni islamçı yönümlü rəhbərlik, ölkənin sahilyanı bölgələrində yaşayan ələvilər arasında artan narazılıq və etimadsızlıq fonunda bu icmanın dəstəyini qazanmaq üçün amnistiya və məhdud iqtisadi yardım kimi mübahisəli addımlar atır. Lakin bu cəhdlər bir çoxları tərəfindən simvolik və qeyri-kafi hesab olunur.

Ələvi icmasının üzvü Xeyrullah Dib mart ayında devrilmiş prezident Bəşər Əsədə sadiq silahlı qrupların yeni hakimiyyətə qarşı qaldırdığı üsyandan sonra həftələrlə gizlənməyə məcbur qalıb. Üsyan zamanı 200-dən çox Suriya təhlükəsizlik əməkdaşı həlak olub, ardınca baş verən qisas aksiyaları isə təxminən 1500 ələvinin ölümünə və on minlərlə insanın bölgəni tərk etməsinə səbəb olub.

Bu hadisələr Əsədin mənsub olduğu ələvi icması ilə yeni hakimiyyət arasında mövcud olan kövrək münasibətləri tamamilə sarsıdıb.

Hadisələrdən sonra Suriya rəhbərliyi Latakiya və Tartus vilayətlərində fəaliyyət göstərən “Vətəndaş Sülhünün Qorunması üzrə Ali Komitə” vasitəsilə vəziyyəti yumşaltmağa çalışır. Komitə mart hadisələrinə cəlb edilmiş şəxslərə amnistiya verir, yüzlərlə ailəyə maliyyə, tibbi yardım və iş imkanları təqdim edir.

Reuters” agentliyi komitənin fəaliyyəti ilə tanış olaraq onlarla ələvi sakini və hazırda hökumətlə işləyən 15 keçmiş ələvi təhlükəsizlik rəsmisi ilə söhbət aparıb.

Komitə üzvləri bildiriblər ki, məqsəd Prezident Əhməd əl-Şaraanın “bütün suriyalılar üçün idarəçilik” vədini həyata keçirmək və sahilyanı bölgələrdə nəzarəti möhkəmləndirməkdir.

Komitə üzvü Həsən Soufan bildirib ki, hökumət ələvilərə yönəlmiş addımları digər icmaların, xüsusilə, Əsəd dövründə zərər görmüş sünnilərin  ehtiyacları ilə balanslaşdırmağa çalışır:

“Ədalətli tarazlıq tapmalıyıq. Böyük cinayətlər bağışlana bilməz, lakin suriyalıların əksəriyyəti günahsızdır və ölkə irəli getməlidir.”

Bu təşəbbüsün ən çox tənqid olunan tərəfi komitədə yer alan bəzi fiqurlardır. Onlardan biri, əvvəllər Əsədyönlü Milli Müdafiə Qüvvələrinə rəhbərlik etmiş və insan haqları pozuntularında ittiham olunan ələvi komandir Fadi Səqrdır. O, ABŞ və Aİ-nin sanksiya siyahısında yer alır.

Hökumət Səqrin iştirakı sayəsində qan tökülməsinin qarşısının alındığını bildirsə də, hüquq müdafiəçiləri bunu cəzasızlıq və şəffaflığın pozulması kimi qiymətləndirir.

Suriya İnsan Haqları Şəbəkəsi komitənin amnistiya vermək səlahiyyətinin müstəqil məhkəmə sisteminə zərbə vurduğunu bəyan edib.

Ələvi sakinlərin bir qismi yardımların miqyasının mart hadisələrinin fəsadlarını aradan qaldırmaq üçün yetərsiz olduğunu bildirir. Komitə indiyədək zərər görmüş təxminən 1000 evin cəmi 10 faizindən azını bərpa edib.

Cəblə bölgəsində yaşayan Osama Tveyər bildirib ki, ailəsinə məxsus 13 ev yandırılıb, mal-qara oğurlanıb və iki qohumu hələ də itkindir:

“Axşam saat 6-dan sonra qapını heç kimə açmırıq. Qorxu hələ də yaşayır.”

Son günlərdə minlərlə ələvinin iştirak etdiyi etiraz aksiyaları təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə dağıdılıb. Mart hadisələri ilə bağlı açıq məhkəmə prosesləri başlasa da, onların nəticələri yeni Suriyada ədalətin bərpa olunub-olunmayacağını göstərəcək əsas sınaq kimi qiymətləndirilir.

59 yaşlı fermer Vail Həsən isə Reuters-ə bildirib:

“Daxildə barışığa hazırıq. Amma əvvəlcə ədalət və qanunun aliliyi təmin olunmalıdır.”