Suriya Mərkəzi Bankının sədri Abdülkadir el‑Hasriya sosial media hesabında paylaşımla ölkədə yeni milli pul vahidinin dövriyyəyə buraxılacağını açıqlayıb. Bu qərar, 2025‑ci il tarixli 293 nömrəli qərarnamə ilə təsdiqlənib və yaxın günlərdə icra edilməyə başlanacaq.
Hasriya bildirib ki, yeni pul vahidi Suriya üçün yeni iqtisadi və pul‑maliyyə dövrünün başlanğıcını təmsil edir və bu, ölkənin maliyyə suverenliyi ilə bağlı mühüm bir dönüş nöqtəsidir. O qeyd edib ki, bu addım milli stabilləşməyə və iqtisadi inkişaf üçün etibarlı zəmin yaratmağa xidmət edəcək.
Yeni pul vahidinə dair ətraflı məlumatın 28 dekabr tarixində keçiriləcək rəsmi tədbirdə açıqlanacağı bildirilib.