Sudan, Uqanda Prezidenti Museveninin ÇDQ lideri Daqalo ilə görüşünü qınadı

Sudan hökuməti ÇDQ lideri Muhammed Hamdan Daqalonun Uqanda Prezidenti Yoveri Museveni tərəfindən qəbul edilməsini sərt ifadələrlə pisləyib və bunu Sudan xalqına qarşı hörmətsizlik adlandırıb.

31

Sudan hökuməti, Çevik Dəstək Qüvvələri (ÇDQ) lideri Muhammed Hamdan Daqalonun Uqanda Prezidenti Yoveri Museveni tərəfindən qəbul edilməsini “ən sərt ifadələrlə” pisləyib.

Sudan Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilib ki, üsyançı və “terrorçu milis” kimi xarakterizə olunan ÇDQ liderinin Uqanda hökuməti tərəfindən qəbul edilməsi Sudan xalqına və beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdir.

Bəyanatda Daqalo ilə Museveni arasında keçirilən görüşün təəssüflə qarşılandığı vurğulanıb və qeyd olunub ki, bu addım Sudan münaqişəsi başlayandan bəri həyatını itirən günahsız insanların xatirəsini də təhqir edir. Sudan tərəfi ÇDQ-ni soyqırımı və etnik zəmində qətllər də daxil olmaqla ağır cinayətlərdə ittiham edir.

Açıqlamada Uqandanın öz ərazisində istədiyi şəxsləri qəbul etmək və ikitərəfli münasibətləri öz maraqları əsasında müəyyən etmək hüququnun tanındığı bildirilsə də, bu addımın Sudana qarşı yeni siyasi xəttin göstəricisi ola biləcəyi ilə bağlı dərin narahatlıq ifadə olunub.

Sudan hökuməti qeyd edib ki, belə bir qəbul, Sudan xalqının qanının tökülməsinə səbəb olmuş və insanlıq vicdanını yaralayan cinayətlərdə ittiham olunan bir şəxsin himayə olunması kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, Museveni 20 fevral tarixində Entebbedəki Prezident iqamətgahında Daqgalo ilə görüşdüyünü açıqlamışdı. Bu görüş regionda onsuz da mürəkkəb olan diplomatik münasibətlər fonunda əlavə gərginlik yaradıb.