Somalidə parlament yeni Konstitusiya qəbul etdi

Somali Federal Parlamenti yeni Konstitusiyanı səs çoxluğu ilə qəbul edib. Sənəddə prezident seçimi, vətəndaşlıq tələbləri və federal səlahiyyət bölgüsü ilə bağlı mühüm dəyişikliklər yer alıb.

33

Somali Federal Parlamenti yeni Konstitusiyanı səs çoxluğu ilə qəbul edib. Milli Televiziya vasitəsilə canlı yayımlanan iclasda millət vəkilləri və senatorların iştirakı ilə keçirilən səsvermədə ümumilikdə 222 üzv “lehinə” səs verib. Onlardan 185-i Xalq Məclisinin deputatı, 37-si isə Senat üzvü olub.

Yeni Konstitusiyada idarəetmə sistemi, seçki mexanizmi və yüksək vəzifəli dövlət postlarına dair mühüm dəyişikliklər əksini tapıb. Sənədə əsasən, Somali Prezidenti parlament tərəfindən seçiləcək, deputatlar isə birbaşa xalq səsverməsi ilə müəyyənləşəcək. Baş nazir prezident tərəfindən təyin ediləcək və parlament tərəfindən vəzifədən kənarlaşdırıla biləcək.

Somalinin Ədliyyə və Konstitusiya İşləri naziri Hasan Moallim Mohamud bildirib ki, uzun müddətdir davam edən Konstitusiyanın yenidən baxılması və dəyişiklik prosesi başa çatıb və ölkə artıq tam formalaşmış əsas qanuna sahibdir.

Yeni müddəalara əsasən, prezident vəzifəsinə bir şəxs maksimum iki dəfə seçilə bilər. Prezidentliyə namizədin doğuşdan Somali vətəndaşı olması şərti tətbiq olunub. Anası xarici vətəndaş olan şəxslərin də prezidentliyə namizədliyi qadağan edilib.

Bundan əlavə, prezident, baş nazir, parlament sədri və Ali Məhkəmənin sədrinin ikili vətəndaşlıq daşımasına icazə verilməyəcək. Bu vəzifələrə seçilən və ya təyin olunan şəxslər digər vətəndaşlıqlarından imtina etməlidirlər. Həmçinin adıçəkilən yüksək vəzifəli şəxslərin xarici vətəndaşla evli olması mümkün olmayacaq.

Federal quruluşla bağlı da mühüm dəyişiklik edilib. Yeni Konstitusiyaya əsasən, ölkənin ştatları başqa dövlətlərlə müstəqil şəkildə saziş imzalaya bilməyəcək. Xarici ölkələrlə ikitərəfli əməkdaşlıq müqavilələri bağlamaq səlahiyyəti yalnız Federal Hökumətə məxsus olacaq.

Sənəddə dini yetkinlik yaşı 15, hüquqi məsuliyyət yaşı isə 18 olaraq müəyyənləşdirilib. Hökumətin rəsmi fəaliyyət müddəti isə 4 ildən 5 ilə qaldırılıb.

Yeni Konstitusiyanın prezidentin imzasından sonra hüquqi qüvvəyə minməsi gözlənilir. Qeyd edək ki, ölkədə mövcud konstitusion çərçivə 2012-ci ildə qəbul edilmiş müvəqqəti Konstitusiya ilə müəyyənləşdirilmişdi. Həmin sənəd vətəndaş müharibəsindən sonrakı yenidənqurma mərhələsində federal idarəetmə modelini əsas götürsə də, “müvəqqəti” status daşıyırdı və bəzi maddələrin sonradan yenidən işlənməsi planlaşdırılmışdı.

Uzun sürən müzakirələr zamanı idarəetmə sistemi, seçki modeli, mərkəzi hökumətlə ştatlar arasında səlahiyyət bölgüsü və paytaxt Moqadişunun statusu Somali siyasətində əsas mübahisə mövzuları olub. Yeni qəbul edilən sənəd seçki prosedurlarını və ali dövlət vəzifələrini daha aydın və hüquqi baxımdan bağlayıcı şəkildə tənzimləməyi hədəfləyir.