Sinqapurda təqaüdçülərə parkur öyrədilir

 Sinqapurda yaşlı insanlar üçün uyğunlaşdırılmış parkur proqramı tətbiq olunur. Məşqlər koordinasiyanı artırmağa, özünəinamı gücləndirməyə və gündəlik həyatda zədə riskini azaltmağa yönəlib. 

14

Sinqapurda yaşlı insanlar üçün uyğunlaşdırılmış parkur məşqləri getdikcə populyarlaşır.

South China Morning Post“-un yazdığına görə, “geriatric parkour” adlandırılan bu proqram çərçivəsində 60 yaşdan yuxarı sakinlər kiçik maneələri aşmaq, relsdən keçmək, tarazlığı qorumaq və təhlükəli vəziyyətlərdə daha çevik reaksiya vermək kimi bacarıqlar üzərində işləyirlər. Məşqlər klassik parkurdan fərqli olaraq yüksək riskli akrobatik elementlərə deyil, gündəlik həyatda fayda verən hərəkətlərə uyğunlaşdırılıb.

Nəşrin reportajına görə, məşqlərdə təxminən 20 təqaüdçü iştirak edir və proqram əsasən çeviklik, koordinasiya, özünəinam və müstəqilliyi gücləndirməyə yönəlib. 69 yaşlı iştirakçı Betti Bun bildirib ki, bu məşqlər ona yaşlandıqca özünü daha güvənli hiss etməyə kömək edir və “özünü daha canlı” hiss etdiyini deyib.

Materialda vurğulanır ki, iştirakçılar məşqlərin gündəlik həyatda da faydasını görürlər. Onlardan biri deyib ki, belə hazırlıq sayəsində adi vəziyyətlərdə daha sürətli reaksiya verir, hətta mağazada alış-veriş arabasından yayınmaq kimi sadə, amma real risk yaradan hallarda daha çevik davranır.

Bu təşəbbüs təsadüfi deyil. SCMP xatırladır ki, Sinqapur dünyanın ən sürətlə qocalan cəmiyyətlərindən biridir və ölkədə 2030-cu ilə qədər hər dörd nəfərdən birinin 65 yaşdan yuxarı olacağı gözlənilir. Bu fonda yaşlıların balansını, hərəkət qabiliyyətini və gündəlik təhlükəsizliyini artıran belə proqramlara maraq artır.