Şimali Koreya dünyada ən qapalı və sirli ölkələrdən biri hesab olunur. Bu qapalılıq ölkənin idman həyatına da təsir edir. Xüsusilə, Şimali Koreya Premyer Liqası (DPRK Premier League) dünyanın ən gizli futbol çempionatlarından biri kimi tanınır.
Şimali Koreyanın yüksək futbol divizionu olan Premyer Liqa digər ölkələrdən fərqli olaraq çox məhdud informasiya şəraitində keçirilir. Liqanın oyun cədvəli əvvəlcədən ictimaiyyətə açıqlanmır və azarkeşlər hansı matçın keçiriləcəyini yalnız oyundan bir gün əvvəl stadionların qarşısında yerləşdirilən elanlardan öyrənə bilirlər.
Bu çempionatın daha bir özəlliyi televiziya yayımı ilə bağlıdır. Şimali Koreyada liqa oyunları canlı yayımlanmır. Dövlət televiziyasında yalnız qısa icmallar və əsas epizodlardan ibarət montaj edilmiş videolar göstərilir. Tam oyunu izləməyin əsas yolu isə birbaşa stadiona getməkdir.
Şimali Koreya Premyer Liqasında iştirak edən klubların demək olar ki, hamısı dövlət qurumlarına, sənaye müəssisələrinə və ya hərbi strukturlara bağlıdır. Məsələn, ölkənin ən uğurlu klublarından biri olan “April 25” komandası birbaşa silahlı qüvvələrə bağlı idman klubudur.
Liqa haqqında məlumat əldə etmək də olduqca çətindir. Turnir cədvəli və oyun nəticələri xarici media və ya beynəlxalq idman platformaları üçün demək olar ki, qapalıdır və məlumatlar yalnız dövlət mediasının qısa xəbərləri vasitəsilə yayıla bilər.
Turistlər üçün də futbol matçlarını izləmək adi proses deyil. Şimali Koreyada liqa oyununa baxmaq istəyən xarici qonaqlar xüsusi icazə almalı, stadionda isə yerli azarkeşlərdən ayrı sektorda əyləşməli və dövlət tərəfindən təyin olunmuş bələdçilərin müşayiəti ilə oyunu izləməlidirlər.
Şimali Koreyada futbol oyunlarının böyük hissəsi paytaxt Pxenyanda keçirilir. Burada yerləşən “Rungrado 1 May” stadionu isə 100 mindən çox tamaşaçı tutumu ilə dünyanın ən böyük futbol stadionlarından biri sayılır.
Bütün bu amillər Şimali Koreya Premyer Liqasını dünyanın ən az məlumatlı və ən gizli futbol çempionatlarından birinə çevirir.