SEPAH-da sızma iddiaları: Qaani ətrafında şübhələr artır

İsmail Qaaninin ardıcıl şəkildə zərbələrdən yayınması SEPAH daxilində sızma iddialarını gücləndirib. SEPAH rəhbərliyi ətrafında təhlükəsizlik sualları gündəmdədir.

50

İranın yüksək hərbi rəhbərliyində baş verən son hadisələrdən sonra SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmail Qaaninin adı yenidən müzakirə mövzusuna çevrilib. Müxtəlif hücum və zərbə epizodlarında onun son anda hədəf zonasından uzaqlaşması Tehran daxilində və xarici mediada suallar doğurur.

Məlumatlara görə, Qaani ali rəhbərin iqamətgahına edilən son zərbədən qısa müddət əvvəl ərazini tərk edib. Bu, onun belə vəziyyətlərdə üçüncü dəfə zərbədən yayınması kimi qiymətləndirilir. Daha əvvəl 2024-cü ildə Beyrutda Hizbullah rəhbərliyinə qarşı həyata keçirilən hücum zamanı, eləcə də 2025-ci ilin iyununda İran ərazisindəki obyektlərə edilən zərbələr ərəfəsində də onun hədəf zonasından kənarda qalması diqqət çəkmişdi.

Analitiklər bildirirlər ki, tək-tək təsadüflər mümkün sayılsa da, ardıcıl şəkildə təkrarlanan belə epizodlar İran kimi təhlükəsizlik yönümlü və qapalı sistemdə ciddi siqnal kimi qəbul olunur. Xüsusilə, son dövrdə yüksək dəqiqlikli zərbələrin həyata keçirilməsi və İran rəhbərliyinin hərəkətlərinin operativ şəkildə izlənilməsi daxili məlumat sızması ehtimalını gündəmə gətirib.

Beynəlxalq media, o cümlədən “Reuters” agentliyi əvvəlki hücumlarla bağlı yayımladığı materiallarda İsrail kəşfiyyatının İranın proksi strukturlarına və regional şəbəkələrinə dərin nüfuz etdiyini vurğulamışdı. Bu kontekstdə Tehran daxilində “casus ovu”, daxili araşdırmalar və təhlükəsizlik təmizləmələri barədə məlumatlar yayılmışdı.

Qaaninin adı isə bu fonunda daha həssas mövqeyə keçib. Ekspertlər hesab edirlər ki, məsələ artıq konkret sübutlardan daha çox reputasiya və sistemdaxili etimad məsələsinə çevrilib. İran kimi sərt təhlükəsizlik arxitekturasına malik ölkədə yüksək rütbəli hərbçinin ardıcıl şəkildə kritik zərbələrdən yayınması istər-istəməz daxili araşdırma predmetinə çevrilir.

Digər tərəfdən, bəzi müşahidəçilər Qaaninin sistemdaxili mübarizənin potensial hədəfinə çevrilə biləcəyini də istisna etmirlər. Onun sələfi Qasım Süleymani ilə müqayisədə daha az xarizmatik və daha çox aparat yönümlü fiqur olması belə böhran situasiyalarında günah keçisi rolunu asanlaşdıra bilər.

Hazırda Qaani ilə bağlı rəsmi ittiham və ya açıqlama yoxdur. Lakin artan təhlükəsizlik uğursuzluqları fonunda onun adı SEPAH daxilində mümkün sızma kanalları ilə bağlı müzakirələrin mərkəzində qalır. İran rəhbərliyi üçün əsas sual yalnız fərdi məsuliyyət deyil, sistemin bütövlüyünün necə qorunacağıdır.