Seneqaldan çempionluq alındı – Mərakeş qalib elan edildi

AFK-nın qərarı ilə Afrika Millətlər Kubokunda Seneqal texniki məğlub sayıldı, çempionluq Mərakeşə verildi. Qalmaqallı qərar futbol ictimaiyyətində narazılıq yaradıb.

17

Afrika futbolunda böyük qalmaqal yaşanıb. Afrika Futbol Konfederasiyası (AFK) Apellyasiya Şurasının qərarına əsasən, Seneqal milli komandası Afrika Millətlər Kuboku finalında 0:3 hesablı texniki məğlubiyyət alıb. Nəticədə turnirin çempionluğu Mərakeş yığmasına verilib.

Qərar final oyunundan iki ay sonra qəbul olunub. Buna səbəb matçın son dəqiqələrində baş verən qalmaqallı epizod olub. Oyunun 98-ci dəqiqəsində hakim Brahim Diasa qarşı qayda pozuntusuna görə Mərakeşin xeyrinə penalti təyin edib. Bu qərardan narazı qalan Seneqal futbolçuları baş məşqçi Pap Tiavun göstərişi ilə meydanı tərk ediblər.

13 dəqiqəlik fasilədən sonra qarşılaşma bərpa olunub və əsas vaxtda Seneqalın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Lakin Mərakeş tərəfi nəticəyə dərhal etiraz edib və oyunun ləğvini tələb edib.

AFK-nın Apellyasiya Şurası Seneqal komandasının hərəkətini qaydaların pozulması kimi qiymətləndirərək texniki məğlubiyyət qərarı çıxarıb. Beləliklə, Mərakeş rəsmi şəkildə Afrika çempionu elan olunub.

Qərar futbol ictimaiyyətində ciddi rezonans doğurub. Seneqallı azarkeşlər və bir sıra futbolçular sosial şəbəkələrdə qərarı sərt tənqid edərək ədalətsiz adlandırıblar.