Sara Mallalli ilk qadın Kenterberi arxiyepiskopu oldu

Sara Mallalli Kenterberi arxiyepiskopu vəzifəsinə gətirilən ilk qadın olub. Tarixi mərasimdə şahzadə Uilyam, Keyt və baş nazir Kir Starmer də iştirak edib.

77

Böyük Britaniyada tarixi hadisə baş verib: Sara Mallalli martın 25-də Kenterberi Kafedralında keçirilən mərasimlə İngiltərə Kilsəsinin və dünya üzrə 85 milyon anqlikanın ruhani lideri olan Kenterberi arxiyepiskopu vəzifəsinə rəsmən gətirilib. Bununla da o, bu posta yüksələn ilk qadın kimi tarixə düşüb.

63 yaşlı Mallalli mərasim zamanı XIII əsrə aid Müqəddəs Avqustin kürsüsündə yerini alıb. Tədbirdə təxminən 2 min qonaq iştirak edib. Onların arasında Böyük Britaniya taxt-tacının varisi şahzadə Uilyam, onun həyat yoldaşı Keyt, baş nazir Kir Starmer və müxtəlif dini icmaların nümayəndələri də olub.

Keçmişdə tibb bacısı kimi çalışan Mallalli ilk moizəsində dünyanın müharibə və qarşıdurmalardan əziyyət çəkən bölgələri üçün dua edib. O, Yaxın Şərq, Ukrayna, Sudan və Myanmanı xüsusi qeyd edərək sülhün bərqərar olmasını arzuladığını bildirib. Yeni arxiyepiskop çıxışında “Bu gün Kenterberi arxiyepiskopu kimi xidmətimə başlayarkən yenidən Tanrıya deyirəm: Mən buradayam” sözlərini səsləndirib.

Sara Mallalli eyni zamanda kilsənin keçmişdə yol verdiyi təhlükəsizlik və himayəçilik uğursuzluqlarına da toxunub. O, əvvəlki arxiyepiskop Castin Uelbinin istefasına səbəb olan qalmaqallar fonunda kilsənin həqiqətə, mərhəmətə, ədalətə və əməli fəaliyyətə sadiq qalmalı olduğunu vurğulayıb.

Mərasim həm də anqlikan kilsəsinin qlobal xarakterini nümayiş etdirib. Kafedralda urdu dili də daxil olmaqla müxtəlif dillərdə dualar və mətnlər səsləndirilib. Xidmətin bir hissəsində afrikalı qadınlardan ibarət xor mahnı və rəqs ilə mərasimə rəng qatıb. Bu elementlər anqlikan icmasının dünyanın müxtəlif regionlarına yayıldığını simvolik şəkildə əks etdirib.

Mallallinin təyinatı ötən ilin oktyabrında elan olunandan sonra bəzi mühafizəkar anqlikan qruplarının tənqidi ilə qarşılanmışdı. Xüsusilə Afrika və Asiyanın bəzi kilsələrini birləşdirən “Gafcon” platforması bu qərara etiraz etmişdi. Bununla belə, sonradan bu blok paralel lider təyin etmək planından geri çəkilərək yeni şura yaratmaqla kifayətlənib.

Son illərdə İngiltərə Kilsəsi daxilində qadınların rəhbərliyi və LGBTQ+ mövzularına münasibət ətrafında mübahisələr artıb. Sarah Mallalli isə daha əvvəl verdiyi açıqlamalarda kilsə daxilində müxtəlifliyin qorunmasının və ortaq köklər ətrafında birliyin vacibliyini önə çəkib.

Mərasim zamanı Mallalli kafedralın qərb qapısını döyərək içəri daxil olub. Onun geyimində Britaniyanın Milli Səhiyyə Xidmətində tibb bacısı işlədiyi dövrdə taxdığı kəmərdən ilhamlanan xüsusi bəzək elementi də yer alıb. O, həmçinin 1966-cı ildə Papa VI Pavel tərəfindən əvvəlki arxiyepiskoplardan Maykl Ramseyə verilmiş üzüyü taxıb. Bu üzük anqlikanlarla katoliklər arasında münasibətlərin yaxşılaşmasının rəmzi kimi qiymətləndirilir.