Sankt-Peterburqda bankdan 2 milyard rublluq qızıl sikkə oğurluğu üzə çıxıb

Sankt-Peterburqda bank əməkdaşlarının təxminən 9 min “Pobedonosets” qızıl sikkəsini oğurlamaqda şübhəli bilindiyi bildirilir. Sikkələrin bazar dəyəri 2 milyard rubldan çox qiymətləndirilir.

18

Sankt-Peterburqda iri bank oğurluğu ilə bağlı cinayət işi Rusiyada geniş rezonans doğurub.

MSNews.az xəbər verir ki, “Interfax” Sankt-Peterburq məhkəmələrinin birləşmiş mətbuat xidmətinə istinadən bank əməkdaşlarının 2 milyard rubldan çox dəyəri olan qızıl sikkələrin oğurlanmasında şübhəli bilindiyini yazıb.

Məlumata görə, cinayət işi üzrə ofis rəhbəri İnna Andreyeva həbs edilib, menecer İrina Porıvayeva isə ev dustaqlığına göndərilib. Hər iki şəxsə Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda oğurluqla bağlı maddəsi üzrə ittiham irəli sürülüb.

İstintaqın versiyasına əsasən, iyunun 20-dən gec olmayaraq bankın saxlanclarından 8 893 ədəd “Pobedonosets” seriyalı qızıl investisiya sikkəsi oğurlanıb. “Kommersant” yazır ki, sikkələr 50, 100 və 200 rubl nominalında olub, lakin onların real bazar dəyəri nominal məbləğdən dəfələrlə yüksək qiymətləndirilib.

Rusiya mediasının məlumatına görə, sikkələrin ümumi bazar dəyəri 2 milyard rubldan çox olub. “Fontanka” bu məbləğin təxminən 2 milyard 22 milyon rubl kimi qiymətləndirildiyini yazıb.

Oğurlanan sikkələrin ümumi çəkisinin 160 kiloqrama yaxın olduğu bildirilir. Bu səbəbdən Rusiya KİV-ləri hadisəni ölkədə son illərin ən böyük bank oğurluqlarından biri kimi təqdim edir.

“Pobedonosets” sikkələri Rusiyada investisiya məqsədilə buraxılan qızıl sikkələr hesab olunur. Onların üzərində bir tərəfdə Rusiya gerbi, digər tərəfdə isə at belində Müqəddəs Georgi təsviri yer alır.

“KP-Sankt-Peterburq” yazır ki, istintaq oğurlanmış sikkələrin bir hissəsinin digər banklar vasitəsilə satıldığını ehtimal edir. Rusiya mediası bu yolla böyük məbləğdə vəsait əldə edildiyini, lakin pulların tam həcminin hələ tapılmadığını bildirir.

Cinayətin necə və hansı mexanizmlə həyata keçirildiyi hələ də araşdırılır. Bəzi məlumatlara görə, işdə kimliyi müəyyən edilməyən digər şəxslərin də iştirakı istisna edilmir.

Rusiya qanunvericiliyinə görə, xüsusilə külli miqdarda oğurluqda təqsirli bilinən şəxsləri 10 ilədək həbs cəzası gözləyə bilər. Lakin məhkəmə hökmü qüvvəyə minənədək şübhəlilər təqsirsizlik prezumpsiyasından istifadə edirlər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.