Qərb kəşfiyyat xidmətləri Rusiyanın Avropanın müdafiə sənayesi müəssisələrinin rəhbərlərinə qarşı sui-qəsd cəhdlərini intensivləşdirdiyi barədə xəbərdarlıq edib. Kəşfiyyat məlumatlarına əsasən, Moskvanın məqsədi Ukraynaya silah tədarük edən şirkətlərin rəhbərlərini qorxutmaq və Kiyevə hərbi dəstəyi zəiflətməkdir.
MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti beş Avropa kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Qərb kəşfiyyat nümayəndələri ehtimal edilən əməliyyatları Rusiyanın hərbi kəşfiyyat xidməti olan QRU ilə əlaqələndirirlər.
Məlumata görə, Rusiya hərbi kəşfiyyatı mütəşəkkil cinayətkar qruplarla əməkdaşlığı genişləndirir, müşahidə, logistika və əməliyyat tapşırıqlarını müxtəlif şəxslər arasında bölüşdürür. Bu üsul sifarişçilərlə icraçılar arasında birbaşa əlaqənin müəyyən edilməsini çətinləşdirir.
Qurum bəzi müəssisələrə rəhbər şəxslərin fərdi mühafizəsinin artırılmasını, o cümlədən özəl təhlükəsizlik xidmətlərindən istifadə edilməsini tövsiyə edib.
“Financial Times” xatırladır ki, 2024-cü ildə Almaniyanın “Rheinmetall” silah konserninin baş direktoru Armin Pappergerə qarşı ehtimal edilən Rusiya sui-qəsd planı ABŞ və Almaniya kəşfiyyat xidmətləri tərəfindən aşkar edilmişdi.
Digər hadisə isə Ukraynaya pilotsuz uçuş aparatları tədarük edən Almaniyanın “Donaustahl” şirkətinin qurucusu Ştefan Tumanla bağlıdır. Nəşrin məlumatına görə, Almaniya təhlükəsizlik xidmətləri 2025-ci ilin sonunda ona qarşı mümkün hücumun qarşısını alıb.
“İnsanların hədəfə çevrilə biləcəklərini hiss etmələri belə müəyyən təsir yaradır. Onlar istəyirlər ki, insanlar Ukrayna ilə əməkdaşlıq etməzdən əvvəl iki dəfə düşünsünlər”, – deyə kəşfiyyat rəsmilərindən biri bildirib.
Qeyd edək ki, Rusiyanın konkret sui-qəsd planları barədə məlumatların bir hissəsi anonim kəşfiyyat mənbələrinə əsaslanır. Bütün iddialarla bağlı açıq məhkəmə sübutları təqdim edilməyib və mümkün yeni əməliyyatların təfərrüatları açıqlanmayıb.