Rusiya kəşfiyyat strukturlarının Avropanın müxtəlif ölkələrində hərbi bazalara və strateji infrastruktur obyektlərinə yaxın daşınmaz əmlak alaraq gizli “Troya atı” şəbəkəsi formalaşdırdığı barədə Qərb kəşfiyyat orqanları ciddi xəbərdarlıq edib.
“The Telegraph” nəşrinin Avropanın üç ölkəsindən olan hazırkı və keçmiş kəşfiyyat əməkdaşlarına istinadla yaydığı məlumata görə, Moskva “hibrid müharibə” strategiyası çərçivəsində açıq hərbi toqquşma əvəzinə, inkar edilə bilən sabotaj və diversiya əməliyyatlarına üstünlük verir. Bu məqsədlə Rusiya agentliklərinin yay evləri, istirahət kottecləri, anbarlar, tərk edilmiş məktəblər, şəhər mənzilləri və hətta adalar aldığı iddia olunur.
Mənbələr bildirir ki, bu obyektlərin bəzilərində artıq partlayıcı maddələr, pilotsuz uçuş aparatları, silahlar və gizli agentlərin yerləşdirilməsi ehtimalı var. Son illər Ukrayna müharibəsindən sonra Londonda və Varşavada yandırma hücumları, poçt bombaları, sui-qəsd cəhdləri və dəmir yollarına qarşı sabotajların artması bu narahatlıqları daha da gücləndirib.
Kəşfiyyat orqanlarının qiymətləndirməsinə görə, NATO üçün əsas risk ondan ibarətdir ki, bu tip “boz zona” hücumları Alyansın kollektiv müdafiə mexanizmi olan “5-ci maddə”-nin işə salınmasını çətinləşdirə bilər. Bir kəşfiyyat rəsmisinin sözlərinə görə, “inkaredilə bilən hücumlar siyasi konsensusun formalaşmasını xeyli mürəkkəbləşdirir”.
Böyük Britaniyada MI6-ın yeni rəhbəri Bles Metreveli ölkənin “müharibə ilə sülh arasındakı zonada” fəaliyyət göstərdiyini bəyan edib. Onun sözlərinə görə, Rusiya müharibə həddini aşmadan Qərbi sınaqdan keçirir.
Xüsusilə, Finlandiya Rusiya ilə bağlı bu strategiyanın mərkəzi hesab olunur. 2018-ci ildə “Airiston Helmi” adlı şirkətin Turku yaxınlığındakı arxipelaqda, əsas dəniz yolları və rabitə xətləri ətrafında 17 obyekt alması Finlandiya tarixində ən səs-küylü təhlükəsizlik əməliyyatlarından birinə səbəb olub. Həmin obyektlərdə helikopter meydançası, çoxsaylı körpülər, müşahidə kameraları və hərbi kazarmaları xatırladan tikililər aşkar edilib.
Finlandiya sonradan Rusiya və Belarus vətəndaşlarının daşınmaz əmlak almasına faktiki qadağa tətbiq edib. Baltikyanı ölkələr də oxşar addımlar atıb. Lakin kəşfiyyat mənbələri bildirir ki, Avropanın bir çox ölkəsində hələ də hüquqi boşluqlar qalır.
Araşdırmalara əsasən, Rusiya Pravoslav Kilsəsinə bağlı qurumlar da Norveç və İsveçdə hərbi-dəniz bazaları və radar sistemlərinə yaxın ərazilərdə daşınmaz əmlak əldə edib. İsveçin Västeros şəhərində strateji əhəmiyyətli hava limanı yaxınlığında inşa edilən kilsə İsveç kəşfiyyatı tərəfindən potensial casusluq platforması kimi dəyərləndirilib.
Mütəxəssislər bildirir ki, Rusiya indi iri və diqqətçəkən layihələr əvəzinə, yüzlərlə xırda obyekt vasitəsilə Avropa üzrə geniş şəbəkə qurmağa çalışır. Məqsəd yalnız kəşfiyyat toplamaq deyil, gələcək böhran zamanı koordinasiyalı hücumlar üçün zəmin yaratmaqdır.