Nyu-Yorkun sabiq meri Rudi Culiani xəstəxanaya yerləşdirilib və hazırda “kritik, lakin stabil” vəziyyətdədir. Bu barədə onun sözçüsü Ted Qudman “Reuters”-ə açıqlamasında bildirib. Qudman Culianinin hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi və nə vaxtdan müalicə aldığı barədə əlavə məlumat verməyib.
Sözçü açıqlamasında Culianini “həyatındakı hər çətinliklə sarsılmaz güclə üzləşən döyüşçü” adlandırıb və onun indi də eyni güclə mübarizə apardığını bildirib. O, ictimaiyyəti “Amerikanın meri” kimi tanınan Culiani üçün dua etməyə çağırıb.
81 yaşlı Culiani 2001-ci il 11 sentyabr terror hücumları zamanı Nyu-Yorka rəhbərlik etməsi ilə geniş tanınmışdı və həmin dövrdə “America’s Mayor” — “Amerikanın meri” ləqəbini qazanmışdı. Daha sonrakı illərdə o, Donald Trampın vəkili kimi 2020-ci il prezident seçkisinin nəticələrinin dəyişdirilməsi cəhdlərində iştirak edib. Bu proses ona qarşı iki ABŞ ştatında cinayət ittihamları və seçki işçilərinin qaldırdığı diffamasiya iddiası ilə nəticələnib. Culiani cinayət işlərində qanunsuzluq etmədiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə paylaşımında Culianini “Nyu-York tarixinin ən yaxşı meri” adlandırıb və onun demokratlar tərəfindən haqsız rəftara məruz qaldığını iddia edib.Tramp Culianini həm də “əsl döyüşçü” kimi xarakterizə edib.
Culiani daha əvvəl də səhhəti ilə bağlı problemlər yaşamışdı. O, ötən il Nyu-Hempşirdə avtomobil qəzasından sonra xəstəxanaya yerləşdirilmişdi. 2000-ci ildə isə ona prostat xərçəngi diaqnozu qoyulmuşdu.