Marko Rubio ABŞ-ın Avropadakı hərbi mövcudluğu və NATO daxilində əməkdaşlıqla bağlı sərt açıqlama verib. Rubio bildirib ki, əgər ABŞ qoşunlarını Avropadan çıxarmaq qərarı versə, bu, NATO üçün ciddi nəticələr doğura və alyansın mövcudluğunu sual altına qoya bilər.
Onun sözlərinə görə, Vaşinqtonun köməyə ehtiyac duyduğu hallarda bəzi müttəfiqlərin, o cümlədən İspaniya kimi ölkələrin ABŞ-a hava məkanından istifadə icazəsi verməməsi məyusedici haldır. “Birləşmiş Ştatların köməyə ehtiyac duyduğu bir vaxtda, NATO üzvü olan və müdafiə etməyi öhdəmizə götürdüyümüz ölkələrin bizə bu cür məhdudiyyətlər qoyması qəbuledilməzdir”, – deyə Rubio vurğulayıb.
ABŞ dövlət katibi əlavə edib ki, əgər NATO yalnız Avropanın müdafiəsi üçün birtərəfli öhdəliklər üzərində qurulubsa və müttəfiqlər Vaşinqtona lazım olan anda dəstək verməkdən imtina edirlərsə, bu, “ədalətli razılaşma deyil”.