Rotşild ailəsində “mini Luvr” malikanəsi üstündə məhkəmə savaşı

Rotşild ailəsinin iki nüfuzlu qadını Pregny malikanəsindəki milyardlıq sənət kolleksiyası uğrunda məhkəmədə üz-üzə gəlib.

74

Dünyanın ən varlı və ən çox müzakirə olunan ailələrindən biri olan Rotşildlər bu dəfə daxili mülkiyyət mübahisəsi ilə gündəmə gəlib. Cenevrə gölünə baxan və “mini Luvr” kimi tanınan Pregny malikanəsi ailənin iki nüfuzlu qadınını – Nadin de Rotşild və onun gəlini Ariana de Rotşildi məhkəmə qarşısına çıxarıb.

Üç nəsildir sirr və konspirasiya nəzəriyyələrinin mərkəzində olan Rotşild ailəsinin sərvətinin mühüm hissəsi hesab edilən Pregny malikanəsi, nadir sənət əsərləri və tarixi əşyalarla dolu “sirr qutusu” kimi qorunur. İddialara görə, malikanədə XVI Lüdovik dövrünə aid mebellər, həmçinin Qoya, Rembrandt, El Qreko, Buşer və Fraqonard kimi sənətkarların əsərləri saxlanılır. Malikanənin ümumi dəyərinin 100 milyard avronu keçdiyi bildirilir.

Mülkiyyət üstündə mübahisə aparan tərəflərdən 93 yaşlı Nadin de Rotşild, mərhum həyat yoldaşı Edmond de Rotşildin malikanədəki kolleksiyanın böyük hissəsini ona miras qoyduğunu iddia edir. O, bu əsərləri Cenevrədə yaratdığı Edmond və Nadin de Rotşild Fondu çərçivəsində açılacaq yeni muzeydə nümayiş etdirmək istəyir.

Ailənin hazırkı baronessası olan Ariana de Rotşild isə kolleksiyanın bölünməsinə qəti şəkildə qarşı çıxır. Onun mövqeyinə görə, sənət əsərləri malikanədə bütöv şəkildə qorunmalıdır.

Tərəflər arasında uzun illərdir davam edən hüquqi mübarizədə həm qələbələr, həm də məğlubiyyətlər yaşanıb. Ariana, Nadinin fondunda “Edmond” adından istifadənin qarşısını ala bilməyib. Nadin isə malikanəyə giriş hüququnu itirib. Hazırda sənət əsərlərinin faktiki sahibinin kim olacağını müəyyənləşdirəcək əsas məhkəmə prosesi davam edir.

Mediaya açıqlama verən Nadin de Rotşild bildirib ki, bu mübarizəni ailəsinin şərəfi naminə aparır və ömrünün son illərini belə ağır bir hüquqi savaşla başa vurmaq onu dərin şəkildə məyus edir.