Riskli davranışların səbəbi beyində gizlidir – Alman alimlərindən yeni araşdırma

Almaniyanın Yena Universitetinin alimləri riskli davranışların beynin ön hissəsinin fəaliyyəti ilə əlaqəli olduğunu müəyyən ediblər. Həyəcanlı anlarda beyin necə işləyir

79

Almaniyanın Fridrix Şiller adına Yena Universitetinin psixoloqları insanların riskli davranışlara meyilliliyinin beynin spesifik fəaliyyət xüsusiyyətləri ilə əlaqəli olduğunu müəyyən ediblər.

Alimlərin apardığı araşdırmaya əsasən, həyəcan və stresli vəziyyətlərdə beynin ön hissəsi (prefrontal korteks) adi hallardan fərqli şəkildə işləyir. Məhz bu dəyişiklik insanın qərarvermə prosesinə və riskli addımlar atmasına birbaşa təsir göstərir.

Təcrübə çərçivəsində 40 könüllü iştirakçı kart oyunu oynayıb. Oyun zamanı onların beyin fəaliyyəti elektroensefaloqrafiya (EEQ) üsulu ilə izlənilib. Müşahidələr göstərib ki, qərar qəbul edilən anlarda beynin ön payında aktivlik kəskin şəkildə dəyişir.

Tədqiqatçılar bildirirlər ki, bu cür neyron aktivliyi yalnız oyun zamanı deyil, insanların üzləşdiyi bütün ekstremal və riskli situasiyalarda müşahidə olunur. Bu isə riskli davranışların yalnız psixoloji deyil, həm də neyrobioloji əsaslara malik olduğunu göstərir.

Alimlər hesab edirlər ki, bu nəticələr gələcəkdə riskli davranışların əvvəlcədən proqnozlaşdırılması və psixoloji müdaxilələrin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.