Madrid “Real”ında baş məşqçi Alvaro Arbeloa ətrafında yeni qalmaqal iddiası yayılıb. İspaniyalı jurnalist Migel Serranoya istinadən sosial şəbəkələrdə yayılan məlumatlara görə, komandanın bəzi futbolçuları ehtiyat oyunçular skamyasında Arbeloanı təhqir edib və onun üçün “konus” ləqəbini işlədiblər. İddialarda bildirilir ki, Arbeloa bundan xəbər tutduqdan sonra həmin futbolçulardan bəzilərinə bir neçə matçda oyun vaxtı verməyib.
Bu məlumat hələlik “Real Madrid” tərəfindən rəsmi təsdiqlənməyib.
“Konus” ifadəsi Arbeloa ilə bağlı İspaniya futbol mühitində əvvəldən də mübahisə mövzusu olub. Fevralda “Valensiya” – “Real Madrid” oyununda azarkeşlərin “Arbeloa, sən konussan” məzmunlu təhqiredici şüarlar səsləndirdiyini rəsmi hesabatlara daxil etmişdi. Bu, ləqəbin təkcə sosial şəbəkə zarafatı deyil, artıq stadionlarda da təhqir formasında işlədildiyini göstərir.
Apreldə isə Kataloniyanın ictimai televiziyasında yayımlanan proqramda Arbeloa ilə bağlı konus üzərindən istehzalı səhnə göstərilmiş və bu, İspaniya mediasında geniş müzakirə doğurmuşdu. “La Razón” həmin epizodu baş məşqçiyə qarşı hörmətsiz davranış kimi qiymətləndirib.
Son iddialar “Real Madrid”də paltardəyişmə otağı ilə məşqçi korpusu arasında gərginlik barədə xəbərlərin artdığı bir dövrə təsadüf edir. İspaniya mediası son həftələrdə Arbeloanın gələcəyi, futbolçularla münasibətləri və komandanın nəticələri ətrafında müzakirələrin gücləndiyini yazır. Bununla belə, futbolçuların konkret olaraq kim olduğu və Arbeloanın onları məhz, bu səbəbdən heyətdən kənarda saxlayıb-saxlamadığı hələ rəsmi şəkildə təsdiqlənməyib.