Uruqvayın “Rasinq” klubu “Torneo Apertura 2026”-nın qalibi olub. Komanda səfərdə “Serro Larqo”nu 1:0 hesabı ilə məğlub etdikdən sonra Montevideoya qayıdarkən əsas izləyicisi “Penyarol”un nəticəsini gözləyib. “Penyarol”un “Uonderers”ə 0:1 hesabı ilə uduzmasından sonra “Rasinq” mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
MSNews.az “El Pais” nəşrinə istinadən xəbər verir.
Ən maraqlı an isə titulun yolda qeyd olunması olub. “Montevideo.com.uy” yazır ki, “Rasinq” futbolçuları “Penyarol”un məğlubiyyət xəbərini avtobusda, səfərdən qayıdarkən eşidiblər. Bundan sonra oyunçular və məşqçilər heyəti avtobusu yol kənarında saxlayaraq çempionluğu elə yolda qeyd etməyə başlayıblar.
“El País”in məlumatına görə, “Uonderers”in qələbə qolunu 57-ci dəqiqədə Fakundo Labandeyra vurub. Final fiti səslənəndə “Rasinq”in avtobusunda böyük sevinc yaşanıb, futbolçular, məşqçilər və klub əməkdaşları bir-birini qucaqlayaraq tarixi uğuru qeyd ediblər.
Bu, “Racing Club de Montevideo” üçün xüsusi tarixi uğurdur. Uruqvay mediası klubun ölkənin yüksək divizionunda ilk dəfə çempion olduğunu yazır. “El País” bu Apertura mövsümünü “Rasinq”in tarixə düşdüyü turnir kimi xarakterizə edib.