Quru Nanak Azərbaycan dağlarında nəhəng insanlar haqqında nə yazıb?

Siqhizmin banisi Quru Nanak 1502-ci ildə yazılarında Azərbaycan dağlarında nəhəng insanlar gördüyünü iddia edib. Bu qeydlər mif, folklor və tarixi mənbələr fonunda təhlil olunur.

96

Siqhizmin banisi Quru Nanakın Azərbaycanla bağlı qeydləri uzun illərdir tədqiqatçıların və maraqlı oxucuların diqqətini çəkir. Siqhizm bu gün dünyanın 10 ən böyük dini sırasında yer alır və ardıcılları özlərini siqh adlandırırlar. Bu dini-fəlsəfi cərəyan XVI əsrdə, İslamın Uzaq Şərqə yayılması fonunda, hinduizm və monoteist ideyaların sintezi əsasında Quru Nanak tərəfindən formalaşdırılıb.

Tarixçi alim, professor Zaur Əliyevin məqaləsini təqdim edirik.

Quru Nanak yaşadığı mühitdə hökm sürən klassik hindu fəlsəfəsini rədd etməsi ilə tanınırdı. O, çoxallahlılıq anlayışını tənqid edir, yalnız vahid Tanrının mövcudluğu ideyasını təbliğ edirdi. Nanakın təliminə görə, Tanrı insanın daxilində və yaratdıqlarında mövcuddur.

Mənbələrdə qeyd olunur ki, Quru Nanak ömrü boyu geniş dünya səyahətlərinə çıxıb. O, Yaxın Şərqə, Cənubi Asiyaya, Orta Asiyaya və Avropaya səfərlər edərək “tək Tanrı” ideyasını yaymağa çalışıb. Səyahətləri zamanı gündəliklər aparıb, gördüklərini yazıya alıb və hətta bəzi müşahidələrini eskizlərlə təsvir etməyə cəhd göstərib. Bu qeydlər sonradan müasirləri tərəfindən yüksək qiymətləndirilib.

Lakin Quru Nanakın 1502-ci ilə aid yazıları xüsusilə diqqətçəkicidir. Onun qeydlərinə görə, Azərbaycan ərazisinin dağlıq bölgələrindən birinə səfəri zamanı təxminən dörd metr boyunda, çılpaq kişilərlə qarşılaşıb. Nanak yazır ki, onlarla ünsiyyət qurmaq istəsə də, bu nəhəng insanlar onunla danışmaqdan imtina ediblər. Onlar öldürdükləri ovla məşğul olmağa davam ediblər.

Quru Nanak həmin qeydlərində bu varlıqları “nəhəng vəhşilər” kimi təsvir edir, onların mağaralarda yaşadıqlarını, yerli əhalidən mal-qara oğurladıqlarını və ya ov edərək qidalandıqlarını bildirir.

Maraqlıdır ki, Quru Nanakdan xeyli əvvəl bu bölgəyə səfər etmiş bəzi ərəb səyyahları da oxşar iddialar irəli sürüblər. Onlar uzunsaqqallı nəhənglərlə rastlaşdıqlarını, bu varlıqların adətən cüt-cüt hərəkət etdiklərini, yonulmuş ağac gövdələri və ya iri daşlar daşıdıqlarını qeyd ediblər.

Azərbaycan folklorunda yer alan divlər, təpəgözlər və ya insandan iki dəfə böyük “mağara döyüşçüləri” haqqında dastanlar da oxşar motivlərlə zəngindir. Müxtəlif xalqların mif və əfsanələrində nəhəng qəhrəmanlara tez-tez rast gəlinir. Bu obrazlar adətən qeyri-adi gücə və böyük bədən ölçülərinə malik olurlar.

Tədqiqatçılar hesab edirlər ki, bu cür miflərin təsadüfi yaranması mümkün deyil və onların təməlində nəsildən-nəslə ötürülmüş real müşahidələr dayana bilər. Qədim tarixi mənbələrdə boyu 4–5 metrə çatan azman insanlardan bəhs edən qeydlərə rast gəlinir.

Türk etnoqonik miflərinə görə də, Azərbaycanın ən qədim sakinlərindən sayılan uğuzlar (uzunlar) qeyri-adi dərəcədə hündür boylu olublar. Gəncəbasar, Qərbi Azərbaycan, Borçalı və digər bölgələrə aid folklor nümunələrində deyilir:

“Qabaqlar uğuzlar olublar. Onlar çox hündür imişlər. Hər biri bir çinar kimi. Ona görə indinin özündə də bir uca boylu adam görəndə deyirlər ki, uğuzdur.”

Xalq arasında bu uğuzların bugünkü azərbaycanlıların əcdadları olduğu da söylənilir. Qədim mifoloji təsəvvürlərə görə, keçmiş dövr insanları çox uzunömürlü olub, min ildən artıq yaşayıblar və bədən ölçüləri indiki insanlarla müqayisədə qat-qat böyük olub.

Əlbəttə, müasir elmi baxımdan nəhəng insanların mövcudluğunu qəbul etmək çətindir. Görünür, bu gün onlardan heç biri qalmayıb. Lakin orta əsr səyyahlarının, din xadimlərinin və yerli əhalinin yazılı və şifahi mənbələrində bu mövzuya tez-tez rast gəlinməsi diqqətdən kənarda qala bilməz. Digər tərəfdən, əjdahalar, divlər və digər “möcüzəvi” varlıqlar haqqında hekayələrin də həmin dövrlərdə geniş yayılması məlumdur.

Quru Nanakın səyahətləri bununla məhdudlaşmır. Siqh ənənəsinə görə, o, Məkkəyə səfər edərək Həcc ziyarətini yerinə yetirib, İran və Türküstan ərazilərində çoxsaylı sufi məclislərində iştirak edib. Bu səfərlər zamanı Bakıda olmuş və Abşeronun “əbədi alovlarının” şahidi olub.

İstifadə olunan mənbələr

  • В. С. Воробьёв-Деѝѝтовѝкий. Заметка по индийской эпиграфике, «Эпиграфика Востока», IX, 1954

  • Modi, Jivanji Jamshedji. My Travels Outside Bombay, Iran, Azerbaijan, Baku, 1924
    http://www.avesta.org/modi/baku.htm

  • Singh, Sahib. Sri Guru Granth Sahib Darpan, Vols. 10, 1972