Qubada qız şagirdlər arasında futzal turniri – “Pink Power Fest”

“Pink Power Fest” layihəsi çərçivəsində Quba rayonunda qız şagirdlər üçün futzal turniri keçirilib. Qaliblər kubok, medal və diplomlarla mükafatlandırılıb.

61

Quba rayonunda “Pink Power Fest – qız şagirdlərin idman festivalı” qrant layihəsi çərçivəsində futzal turniri təşkil olunub. Turnirdə Quba rayonunun 4 ümumtəhsil məktəbindən VII-IX siniflərdə təhsil alan 32 qız şagird iştirak edib.

Turnirin açılış mərasimində layihə rəhbəri Kamran Əlimərdanov və layihə eksperti Ramin Mahmudov çıxış edərək layihənin məqsədindən – qızlar arasında sağlam həyat tərzinin təşviqi və idmana marağın artırılmasından danışıb.

Yarışların nəticəsinə əsasən, finala Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin komandası və Quba şəhəri Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyi komandası yüksəlib. Final oyununda 2 nömrəli məktəb-lisey komandası 3-1 hesabı ilə qalib gələrək turnirin birincisi olub. Bürünc mükafatı isə 7 nömrəli tam orta məktəb komandası penaltilərdə 3-2 hesabı ilə qazanıb.

Turnirin ən məhsuldar oyunçusu isə 11 qolla Quba şəhəri 2 nömrəli məktəb-liseyin hücumçusu Gülay Cəfərli seçilib və xüsusi kubokla təltif olunub. Qalib və mükafatçılar kubok, medal və diplomlarla mükafatlandırılıb.

Layihə Quba şəhəri 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən Quba rayonunun müxtəlif məktəblərində həyata keçirilir və əsas məqsəd qız şagirdlər arasında sağlam həyat tərzini təbliğ etməkdir.