Yeni yaradılan peşəkar qılıncoynatma liqası “World Fencing League” tamaşaçıların döyüşləri daha rahat izləməsi üçün yeni vizuallaşdırma texnologiyasını təqdim edib.
Rəsmi məlumata görə, “Fencing Visualized” adlı sistem idmançıların qılınc ucunun hərəkətini yarış zamanı real vaxtda izləyib ekranda göstərəcək. Layihə “Rhizomatiks” və “Dentsu Lab Tokyo” tərəfindən hazırlanıb və liqanın 25 aprel 2026-cı ildə Los-Ancelesdə, “Shrine Auditorium”-da keçiriləcək debüt yarışında tətbiq olunacaq.
Texnologiyanın əsas üstünlüyü ondadır ki, sistem qılıncın ucunu əlavə marker və sensor olmadan izləyir və onu dinamik trayektoriya kimi vizuallaşdırır. “Rhizomatiks”-in açıqlamasına görə, bu yanaşma tamaşaçıya sürət, dəqiqlik və texniki detalları daha aydın göstərməlidir. Şirkət həmçinin bildirir ki, sistem daha əvvəl “Tokyo 2020 Olimpiadası”nda məkan daxilində istifadə olunub, indi isə ilk dəfə ABŞ-da canlı yarış formatında nümayiş etdiriləcək.
“World Fencing League”-in qurucusu, üçqat olimpiyaçı Mayls Çemliy-Uotson hələ 2025-ci ilin sonunda “Reuters”-ə demişdi ki, qılıncoynatmanın əsas problemi tamaşaçıların çox vaxt “nə baş verdiyini anlamamasıdır”. Onun sözlərinə görə, yeni “blade-tracking” sistemi sürətli duel anlarını ekranda başadüşülən vizuallara çevirərək bu problemi həll etməyə kömək etməlidir.