“Qarabağ” Enfilddə məğlub olsa da, Çempionlar Liqasında pley-offa yüksəldi

“Qarabağ” FK UEFA Çempionlar Liqasının son turunda “Liverpul”a 6:0 hesabı ilə uduzsa da, liqa mərhələsini 22-ci pillədə tamamlayaraq pley-offa vəsiqə qazandı.

86

UEFA Çempionlar Liqasının liqa mərhələsinin sonuncu turu çərçivəsində bu gecə Avropanın futbol meydanlarında həlledici qarşılaşmalar keçirilib; Azərbaycan futbolsevərləri üçün gecənin əsas oyunu “Qarabağ” FK-nın səfərdə İngiltərənin nəhəng klubu “Liverpul”la qarşılaşması olub.

Bakı vaxtı ilə saat 00:00-da “Enfild Roud” stadionunda start götürən oyunu slovakiyalı hakim İvan Kruzliak idarə edib. Matçın ilk dəqiqələrindən üstünlüyü ələ alan ev sahibi komanda 15-ci dəqiqədə hesabı açıb. Argentinalı dünya çempionu Aleksis Mak Alisterin dəqiq zərbəsindən sonra “Liverpul” önə keçib. 21-ci dəqiqədə isə alman futbolçu Florian Virtz fərqi iki topa çatdırıb – 2:0. İlk hissə bu hesabla başa çatıb.

İkinci yarının əvvəlində, 50-ci dəqiqədə Məhəmməd Salah cərimə zərbəsindən baxımlı qolla hesabı 3:0-a yüksəldib. İngiltərə təmsilçisi hücumlarını davam etdirərək 57-ci dəqiqədə Hüqo Ekitikenin qolu ilə dördüncü dəfə fərqlənib. 61-ci dəqiqədə Aleksis Mak Alister dubla imza ataraq hesabı 5:0 edib. Matçın son nöqtəsini isə 90-cı dəqiqədə italiyalı hücumçu Federiko Çieza qoyub – 6:0.

Bu məğlubiyyətə baxmayaraq, “Qarabağ” FK liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlməyi bacarıb. Ağdam klubunun növbəti mərhələdəki mümkün rəqibləri Fransa nəhəngi “Pari Sen-Jermen” və İngiltərənin “Nyukasl” klublarıdır.

Qeyd edək ki, pley-off mərhələsinin püşkatma mərasimi 30 yanvar tarixində Bakı vaxtı ilə 15:00-da keçiriləcək.