Qadınlarda intim nahiyənin tündləşməsi: səbəblər və təhlükəsiz müalicə yolları  

Qasıq və intim nahiyədə dəri qaralması nə üçün baş verir? Bu, xəstəlik əlaməti hesab olunurmu? Həkim-endokrinoloqun izahı və müalicə tövsiyələri. 

82

Qadınlarda qasıq və xarici cinsiyyət orqanı nahiyəsində dərinin tündləşməsi çoxlarının narahat etdiyi mövzulardan biridir. Həkimlərin bildirdiyinə görə, bu hal adətən tibbi xəstəlik sayılmır və daha çox estetik narahatlıq kimi qiymətləndirilir. Medicina.az-ın məlumatına görə, ginekoloq-endokrinoloq Tatyana Berejnaya piqmentasiyanın səbəbləri və mümkün riskləri barədə danışıb. 

Mütəxəssis vurğulayır ki, intim nahiyədə qaralmanın özü sağlamlığa ciddi təhlükə yaratmır. Lakin qaralma bədənin başqa hissələrində — xüsusilə sürtünməyə meyilli nahiyələrdə də müşahidə olunursa, bu zaman insulin müqaviməti kimi hormonal pozuntuların ehtimalı artır. Bu halda həkimə müraciət etmək vacibdir. Həkimin sözlərinə görə, piqmentasiya çox vaxt hormonların təsiri ilə bağlı olur. Yetkinlik dövrü, hamiləlik və menopoz kimi mərhələlərdə bədəndə hormonal dəyişikliklər gücləndiyi üçün dəri rənginin tündləşməsi təbii proses sayılır. Bununla yanaşı, dar geyimlər və sıx alt paltarlarının yaratdığı daimi sürtünmə də melanin istehsalını artıraraq həmin bölgədə dəri rənginin dəyişməsinə səbəb ola bilər. Yaşın artması ilə dərinin incəlməsi və piqmentin daha nəzərə çarpması, eləcə də genetik meyllilik də bu prosesə təsir göstərən əsas amillərdəndir. 

Əgər piqmentasiya qadında estetik narahatlıq yaradırsa, bunu azaltmaq üçün müxtəlif tibbi və kosmetik üsullar mövcuddur. Lazer texnologiyaları artıq piqmenti hədəfə alaraq dərini tədricən açır, kimyəvi pilinqlər dərinin yuxarı qatını yumşaq şəkildə yeniləyir, qlutation və C vitamini kimi maddələrin inyeksiyaları isə melanin istehsalını daxildən tənzimləyir. Mütəxəssis xəbərdarlıq edir ki, ev şəraitində limon, soda və peroksid kimi səhv vasitələrdən istifadə etmək təhlükəlidir, çünki bu maddələr dəridə ciddi qıcıqlanma və yanma yarada bilər. Həkim nəzarəti olmadan tərkibində hidrokinon və hormon olan kremlərdən istifadə etmək də qəti şəkildə məsləhət görülmür.