Putinin reytinqi minimuma düşdü

Rusiyanın dövlət sorğu mərkəzi VTsIOM-a görə, Vladimir Putinin prezident kimi bəyənilmə reytinqi 65,6 faizə, etimad səviyyəsi isə 71 faizə enib. Reuters bunu 2022-ci ilin fevralından bəri ən aşağı göstərici kimi qiymətləndirir. 

11

Rusiyada dövlət sorğu mərkəzi VTsIOM-un 24 aprel tarixli həftəlik göstəricilərinə görə, Vladimir Putinə etimad 71,0 faizə, prezident kimi fəaliyyətinin bəyənilməsi isə 65,6 faizə enib.

Bu, Putinin reytinqində ardıcıl yeddinci həftəlik geriləmədir və onun göstəricilərini 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibə başlamazdan əvvəlki dövrdən bəri ən aşağı səviyyəyə salıb.

Mart ayı ilə müqayisədə azalma da nəzərəçarpandır. Putinin bəyənilmə reytinqi martda 73,3 faiz idi, etimad səviyyəsi isə 77 faizdən yuxarı qalırdı. İndi isə bu göstəricilər hiss olunan şəkildə aşağı düşüb. VTsIOM məlumatlarında həmçinin respondentlərin 24,1 faizinin Putinə etibar etmədiyi, 23,3 faizinin isə onun prezident kimi fəaliyyətini bəyənmədiyi görünür.

Reytinq enişinin dəqiq səbəbi rəsmi şəkildə izah olunmur. “Reuters” bunu son aylarda Rusiyada mobil internet, mesencerlər və VPN-lərə qarşı sərtləşən məhdudiyyətlərlə, eləcə də iqtisadi narahatlıqlarla əlaqələndirən ehtimalları qeyd edir. Putin özü isə internet kəsintilərinin təhlükəsizlik səbəbilə lazım olduğunu deyib. 

Bununla yanaşı, bu rəqəmlərə ehtiyatla yanaşanlar da var. “Reuters” vurğulayır ki, müharibə və dövlət senzurası şəraitində rusların sorğuçulara nə dərəcədə səmimi cavab verdiyi ayrıca mübahisə mövzusudur. Yəni rəqəmlər Putinin dəstəyində zəifləmə siqnalı versə də, Rusiyada real ictimai əhvalı tam ölçmək hələ də çətin olaraq qalır.