Prezident İlham Əliyev TDT Zirvə görüşündə iştirak edir

Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir. Sammit “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir. Dövlət başçısı tədbirə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə qatılıb.

Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Daha sonra Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdiriblər.

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü mayın 15-də Türküstanda keçirilir. Sammitin əsas mövzusu “Süni intellekt və rəqəmsal inkişaf”dır. Görüşdə türk dövlətləri arasında rəqəmsal transformasiya, süni intellekt, innovasiya, ağıllı texnologiyalar və regional əməkdaşlıq istiqamətində prioritetlərin müzakirəsi nəzərdə tutulur.

Türküstanın sammitə ev sahibliyi etməsi tədbirə xüsusi rəmzi məna verir. Şəhər Türk dünyasının mənəvi mərkəzlərindən biri kimi qəbul olunur və ortaq tarixi-mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.