Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub.
Müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısına mərkəzin yaradılması məqsədləri barədə məlumat verib. Bildirilib ki, mərkəz xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarını təmin edəcək, həmçinin beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində təlim, kurs və xüsusi əməliyyat məşqlərinə ev sahibliyi edəcək.
Mərkəzin geniş ərazisində şəxsi heyətin iştirakı ilə təlim və məşqlər, atıcı və iriçaplı silahların atışları, pilotsuz uçuş aparatları, zərbə dronları, simulyasiya, sürücülük və üzgüçülük hazırlıqları üçün xüsusi sahələr yaradılacaq. Bundan əlavə, qərargah, yataqxana, tibb məntəqəsi, klub, tədris və qonaq evləri, qapalı idman kompleksi, simulyasiya mərkəzi, açıq idman sahələri, helikopter meydançası və atıcılıq poliqonları inşa ediləcək.
Prezident İlham Əliyev mərkəzin rəmzi təməlini qoyub, layihənin gələcək icrası ilə bağlı tapşırıqlar verilib.


