Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqres iştirakçılarına müraciət ünvanlayıb.
19 dekabr 2025-ci il tarixində keçirilən konqresdə dünyanın nüfuzlu tibb qurumlarını təmsil edən alimlər və mütəxəssislər iştirak edir. Tədbirin açılışında konqres iştirakçılarına ünvanlanan rəsmi müraciətdə bildirilib ki, bu beynəlxalq platforma tibb elminin və səhiyyə sahəsinin müxtəlif aktual məsələləri üzrə geniş fikir mübadiləsi üçün mühüm imkan yaradır.
Müraciətdə qeyd olunub ki, Azərbaycanda səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub, tibbi müəssisələr müasir standartlara uyğun şəkildə yenidən qurulur və elmi tədqiqatlarda innovativ texnologiyaların tətbiqi genişləndirilir. Bu prosesdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun həkimlərin ixtisaslarının artırılması və peşəkar kadr hazırlığı sahəsində mühüm rolu vurğulanıb.
Bildirilib ki, zəngin tarixi və güclü elmi-pedaqoji bazası olan institut beynəlxalq əməkdaşlıqlarını davamlı şəkildə genişləndirir və qabaqcıl tibbi təcrübənin ölkədə tətbiqinə töhfə verir.
Vurğulanıb ki, İnstitutun 90 illik yubileyinə həsr olunan bu beynəlxalq konqres azərbaycanlı və xarici mütəxəssislər arasında əməkdaşlığın möhkəmlənməsinə, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və tibb elminin inkişafına mühüm töhfə verəcək.